Biznesdə kütləvi "ölüm spiralı" başladı! - Zəfər Məmmədov

Biznesdə kütləvi "ölüm spiralı" başladı! - Zəfər Məmmədov

MÜSAHİBƏ
289

Fins.az - Tanınmış iş adamı, "Zaferoğlu" İnşaat şirkətinin təsisçisi və "Gəncə İş Adamları" İctimai Birliyinin sədri Zəfər Məmmədov sosial şəbəkə hesabında biznes mühiti və iqtisadi proseslərlə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, bazarın daraldığı və şirkətlərin xərclərini azaltmağa çalışdığı bir dövrdə bizneslər arasında təhlükəli bir psixoloji səhv sürətlə yayılır. Z.Məmmədovun sözlərinə görə, biznes ədəbiyyatında bu hal "Ölüm Spiralı" (Death Spiral) adlandırılır və artıq yerli bazarda da bir çox şirkət fərqinə varmadan bu prosesə daxil olur:

"Bu vəziyyət rəhbərlərin real durumu qəbul etmək əvəzinə bazara və müştərilərə uğurlu fəaliyyət görüntüsü yaratmağa çalışması ilə başlayır. Onun fikrincə, şirkətlər imiclərini qorumaq məqsədilə yüksək icarə haqları ödəməyə və böyük ştat saxlamağa davam edir, daha sonra isə sabit xərcləri qarşılamaq üçün maya dəyərinə və ya çox aşağı gəlirlə layihələr götürürlər.

Belə yanaşma qısamüddətli çıxış yolu kimi görünsə də, əslində bazarda haqsız rəqabət yaradır və digər şirkətləri də çətin vəziyyətə salır. O bildirib ki, inflyasiya və material qiymətlərindəki dəyişikliklər nəticəsində aşağı gəlirlə qəbul edilən layihələr şirkətlərin daxili kapitalını tədricən əridir və sonda borc yükü ilə iflasa gətirib çıxarır."

Onun sözlərinə görə, bu mənzərə əvvəlki iqtisadi böhranlarda da müşahidə olunub. Xüsusilə 2015-2016-cı illərdəki devalvasiya dövrünü təhlil edənlərin həmin vaxt eyni səhvlər səbəbindən bazardan çıxan və fəaliyyətini davam etdirən şirkətləri yaxşı xatırladıqlarını vurğulayıb:

"Tarixdə də buna bənzər nümunələr kifayət qədərdir. O bildirib ki, ABŞ-da Böyük Depressiya dövründə və sonrakı iqtisadi durğunluq illərində mebel istehsalçılarının 65 faizdən çoxu fabriklərini işlək saxlamaq və işçi heyətini qorumaq məqsədilə zərərlə sifarişlər qəbul etdikləri üçün fəaliyyətlərini dayandırıblar. Onun sözlərinə görə, 1990-cı illərdə Yaponiyada tikinti və daşınmaz əmlak bazarında yaranan böhran zamanı da minlərlə podratçı şirkət dempinq siyasəti nəticəsində bazardan çəkilib.

Belə dövrlərdə əsas strateji üstünlük rəqiblərdən daha böyük görünmək və ya ən aşağı qiyməti təklif etmək deyil. O hesab edir ki, bizneslərin əsas üstünlüyü çevik olmaq, borc yükünü minimuma endirmək və sabit xərcləri azaltmaqdan ibarətdir."

Z.Məmmədovun fikrincə, emosiyalar və eqo ilə deyil, real rəqəmlərlə idarə olunan bizneslər mövcud çətinlikləri daha rahat keçə biləcək. O əlavə edib ki, bazar şərtləri dəyişdikdən sonra məhz belə şirkətlər daha güclü mövqedə fəaliyyətlərini davam etdirəcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Biznesdə kütləvi "ölüm spiralı" başladı! - Zəfər Məmmədov — Fins.az — Fins.az