“Azərbaycanda ilk dəfə çəngəlli yükləyici qadın sürücü və operatorlar hazırlanacaq” – MÜSAHİBƏ
Son illər Azərbaycanda nəqliyyat sektorunda ciddi və dinamik dəyişikliklər baş verir. Sahənin inkişafını sürətləndirən yeni qanunvericilik təşəbbüsləri irəli sürülür, institusional islahatlar həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişlənir. Paralel olaraq qadınların nəqliyyat və logistika sahəsində iştirakı da artmaqdadır, onlar artıq qərarverici mövqelərdə daha fəal təmsil olunurlar.
Bu istiqamətdə görülən işlər və sektorun perspektivləri ilə bağlı Finss.az ölkənin nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən aparıcı platformalarından biri – Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) Qadın Sahibkarları İş Komitəsinin sədri Lamiyə Xəlilova ilə həmsöhbət olub.
- AGTL-in fəaliyyəti ilə bağlı məlumat verə bilərsinizmi? Qadın Komitəsi hansı məqsədlə yaradılıb?
AGTL İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. Assosiasiya hazırda gömrük-logistika sahəsində fəaliyyət göstərən 100-dən artıq şirkəti bir araya gətirir.
Qurumun 4 əsas alt komitəsi var. Onlardan biri də rəhbərlik etdiyim “Qadın Sahibkarları İş Komitəsi”dir. Komitə çərçivəsində maarifləndirici tədbirlər, şəbəkələşmə görüşləri keçirilir, qanunvericiliklə bağlı təkliflər hazırlanır, müzakirəyə çıxarılan sənədlərə rəy və tövsiyələr təqdim olunur.
AGTL çevik və dinamik fəaliyyət göstərən platformadır. Qadın Sahibkarları İş Komitəsinin yaradılması isə hesab edirəm ki, olduqca vaxtında atılmış addımdır. Ölkədə qadınların iqtisadi və ictimai həyatda rolunun gücləndirilməsi istiqamətində aparılan siyasət fonunda nəqliyyat-logistika kimi ənənəvi olaraq kişi üstünlüklü sahədə belə bir komitənin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
- “Qadın Sahibkarları İş Komitəsi” hansı işlər görülüb? Hədəfləriniz və prioritetləriniz nədir?
Nəqliyyat və logistika sektorunda qadınların iştirakının genişləndirilməsi üçün ilk növbədə məlumatlılığın artırılması və şəbəkələşmənin gücləndirilməsi vacibdir.
Hazırda bu sahədə həm ölkə daxilində, həm regionda, həm də qlobal miqyasda çoxsaylı layihələr, forumlar və təşəbbüslər həyata keçirilir. Eyni zamanda beynəlxalq komissiyalarda mühüm qərarlar qəbul olunur, yeni normativ-hüquqi sənədlər qüvvəyə minir. Bu proseslər barədə operativ məlumatlı olmaq və qadınların həmin platformalarda təmsilçiliyini təmin etmək onların sektordakı rolunu əhəmiyyətli dərəcədə artıra bilər.
Əsas məqsədlərimizdən biri Azərbaycan nəqliyyat-logistika sektorunda çalışan qadınların beynəlxalq və regional layihələrdə iştirakını artırmaq, onların qərarverici platformalarda daha fəal mövqe tutmasına nail olmaqdır. Bu baxımdan şəbəkələşmə xüsusi önəm daşıyır. Şəbəkələşmə həm təcrübə mübadiləsinə, həm əməkdaşlıq imkanlarının genişlənməsinə, həm də yeni layihələrə çıxışa şərait yaradır.
Biz həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərən qadın platformaları ilə əməkdaşlıq edir, müxtəlif memorandumlar imzalayır və birgə təşəbbüslər reallaşdırırıq. Bu istiqamətdə işlər davamlı xarakter daşıyır.
Digər prioritet istiqamət yeni nəsil mütəxəssislərin hazırlanmasıdır. Bunun üçün mentorluq proqramlarına start veririk. Təcrübəli mütəxəssislər öz bilik və bacarıqlarını gənc kadrlara ötürəcək, onların beynəlxalq standartlara uyğun formalaşmasına dəstək göstərəcəklər.
Bundan əlavə, nəqliyyat sektorunda çalışan qadınların beynəlxalq akkreditasiyalara və sertifikasiya proqramlarına cəlb olunmasına dəstək verməyi planlaşdırırıq. Bu, onlara:
beynəlxalq səviyyədə tanınan peşəkar status,
qlobal layihələrdə və danışıqlarda daha güclü mövqe,
xarici tərəfdaşlarla əməkdaşlıq zamanı əlavə etibarlılıq,
geniş peşəkar şəbəkəyə çıxış və davamlı inkişaf imkanları qazandıracaq.
- Son bir neçə ayda ölkədə nəqliyyat və logistika sahəsində iki mühüm qanun layihəsi qəbul edilib. Bu sektora nə kimi təsirlər edəcək?
Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Rəqəmsal Logistika Platformasının (DLP) yaradılması, həmçinin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanunun imzalanması Azərbaycanın logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Bu addımlar ölkənin regional və qlobal rəqəmsal logistika sistemlərinə inteqrasiyasını sürətləndirəcək, daxili proseslərin şəffaflığını artıracaq. Nəticədə beynəlxalq yük göndəriciləri və logistika operatorları üçün etimad mühiti formalaşacaq.
Eyni zamanda, bu yeniliklər xarici ticarət iştirakçılarının Azərbaycanı regional logistika mərkəzi kimi seçməsi imkanlarını genişləndirəcək. Beləliklə, nəqliyyat-logistika sahəsi yalnız inkişaf edən sektor deyil, həm də ətrafında yeni biznes və ticarət imkanları yaradan ekosistemə çevriləcək.
- Azərbaycanda nəqliyyat-logistika sektorunda qadınların iştirakının artırılması üçün hansı işlər görüləcək?
Hazırda Azərbaycanda beynəlxalq və daxili yük avtomobil daşımalarında qadın sürücülər fəaliyyət göstərmir. Bu istiqamətdə artıq bir ildən çoxdur ki, sistemli hazırlıq işləri aparılır. Məqsəd ilk qadın beynəlxalq yük avtomobili sürücülərini yetişdirməkdir.
İlk mərhələdə AGTL Təlim Mərkəzində qadın çəngəlli yükləyici sürücü və operatorlarının hazırlanmasına başlanılacaq. İlkin olaraq 10 nəfərin təlimə cəlb edilməsi planlaşdırılır.
Bu təşəbbüsün məqsədi yalnız qadın mütəxəssislər yetişdirmək deyil, eyni zamanda texniki peşələrdə qadınların sayını artırmaqdır. Beynəlxalq statistik göstəricilərə əsasən, qadın sürücülər yol-nəqliyyat hadisələrinə daha az səbəb olurlar. Bu baxımdan onların sayının artması yol təhlükəsizliyinə də müsbət təsir göstərə bilər.
Bununla belə, beynəlxalq daşımalar sahəsində qadın sürücülərin fəaliyyətə başlaması mərhələli və uzunmüddətli hazırlıq tələb edir. Buna baxmayaraq, bu istiqamətdə işlər davam etdirilir və yaxın illərdə konkret nəticələrin əldə olunacağı gözlənilir.
- Azərbaycanda nəqliyyat sahəsində qadınların iştirakını necə qiymətləndirirsiniz?
Azərbaycanda logistika sahəsində kifayət qədər güclü və peşəkar qadınlar fəaliyyət göstərir. Onlar müxtəlif ölkələrə daşımaları təşkil edir, mürəkkəb logistika proseslərini idarə edirlər.
Bu gün elə qadın sahibkarlar var ki, öz avtomobil və tır parklarını idarə edir, qaraj təsərrüfatına nəzarət edir, eyni zamanda gömrük təmsilçiliyi sahəsində uğurla çalışırlar.
İstərdim ki, ictimaiyyət bu qadınları daha yaxından tanısın. Sükan arxasında əyləşən, iri nəqliyyat parklarını peşəkar şəkildə idarə edən Azərbaycan qadınlarının fəaliyyəti daha geniş şəkildə işıqlandırılsın. Bu, həm stereotiplərin qırılmasına, həm də yeni nəslin bu sahəyə marağının artmasına töhfə verə bilər.
Aynur Bayramova