Azərbaycanda avtomobil qulluq məhsulları bazarında qiymətlər 10-15% artıb - Əlibala Əlihəsənov

Azərbaycanda avtomobil qulluq məhsulları bazarında qiymətlər 10-15% artıb - Əlibala Əlihəsənov

MÜSAHİBƏ
285

Azərbaycanda avtomobil qulluq məhsulları bazarında fəaliyyət göstərən "1001 Group" 30 ildən artıqdır ki, sektorda fəaliyyətini davam etdirir. Şirkətin Marketinq direktoru Əlibala Əlihəsənov Fins.az-a müsahibəsində bazardakı mövqeləri, rəsmi distribütoru olduqları beynəlxalq brendlər, idxal bazarında son vəziyyət, qlobal geosiyasi proseslərin qiymətlərə təsiri və "Hyper Service" şəbəkəsinin genişlənmə planlarından danışıb. O bildirib ki, hazırda sektorda 10-15 faiz qiymət artımı müşahidə olunsa da, şirkət rəqabət qabiliyyətini qorumaq üçün qiymətləri mümkün qədər sabit saxlamağa çalışır.

_APH2681.jpg.jpeg

– Əlibala bəy, “1001 Group” artıq uzun illərdir avtomobil sektorunda fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqamətləri və bu gün bazarda tutduğu yer haqqında nə deyə bilərsiniz?

– “1001 Group” 1993-cü ildən etibarən avtomobil sektorunda fəaliyyət göstərir. Fəaliyyət istiqamətimiz avtomobillərin dövri qulluq məhsulları ilə təmin edilməsidir. Buraya mühərrik yağları, transmissiya mayeləri, filtrlər, akkumulyatorlar, müxtəlif növ şinlər və digər avtomobil qulluq məhsulları daxildir.

Bununla yanaşı, “Hyper Service” avtomobil xidmət mərkəzimiz fəaliyyət göstərir. Xüsusilə vurğulamaq istəyirəm ki, biz onu sadəcə servis deyil, xidmət mərkəzi adlandırırıq. Çünki burada avtomobilə 360 dərəcə yanaşma tətbiq olunur və nəqliyyat vasitəsinin bütün hissələrinə xidmət göstərilir. Beləliklə, məhsulun satışından son xidmətə qədər bütün mərhələlərdə “1001 Group”un keyfiyyət standartları təmin edilir.

_APH2570.jpg.jpeg

– Şirkətinizin bazardakı rəqabət üstünlüklərini necə qiymətləndirirsiniz?

– Rəqabət qabiliyyətimizdən danışarkən bəzi rəqəmləri qeyd etmək istərdim. “Hyper Service” cəmi iki ildir fəaliyyət göstərməsinə baxmayaraq, artıq 64 minə yaxın avtomobil bazasına malikdir və minlərlə fərqli müştəriyə xidmət göstərib.

Ümumilikdə isə deyə bilərəm ki, Azərbaycanda hər üç avtomobildən ikisi müxtəlif dövrlərdə məhsullarımızdan istifadə edib. Bu isə bazardakı mövqeyimizin və müştəri etimadının göstəricisidir.

Portfelimizdə dünyanın ən tanınmış yağ və akkumulyator brendləri yer alır. Eyni zamanda, qiymət-keyfiyyət balansını qoruyan markalarımız da mövcuddur. Bu səbəbdən həm premium, həm orta, həm də büdcə seqmentində olan avtomobil sahiblərinin tələblərini qarşılaya bilirik.

_APH2661.jpg.jpeg

– Məhsullarınızı hansı ölkələrdən əldə edirsiniz və fəaliyyətiniz yalnız pərakəndə satışdan ibarətdirmi?

– Xeyr, biz yalnız satış şirkəti deyilik. Portfelimizdəki bütün markalar birbaşa istehsalçı ölkələrdən idxal olunur. Məsələn, AMSOIL ABŞ-dan, Maxxis Tayvandan, Eneos Yaponiyadan, FOSSER və VARTA Almaniyadan, Petrol Ofisi isə Türkiyədən gətirilir.

Bu markaların hər birinin Azərbaycandakı yeganə və rəsmi distribütoruyuq. Məhsullar birbaşa bizim tərəfimizdən idxal edilir və buna görə də mənşəyi ilə bağlı tam şəffaflıq təmin olunur. Müştərilərimiz istədikləri halda anbarlarımızı ziyarət edə, məhsulların saxlanma şəraitini görə, həmçinin mənşə və distribütorluq sertifikatları ilə tanış ola bilərlər.

_APH3314.jpg.jpeg

– Hazırda idxal bazarında müşahidə olunan vəziyyəti necə qiymətləndirirsiniz?

– Bildiyiniz kimi, son dövrlərdə Yaxın Şərqdə baş verən geosiyasi proseslər və xüsusilə İran ətrafında yaranan gərginlik qlobal logistika zəncirinə təsir göstərir. Bu təsirlər Azərbaycandan da yan keçmir.

Ölkəmizə məhsullar əsasən iki istiqamətdən daxil olur: Gürcüstan üzərindən Qara dəniz marşrutu və İran vasitəsilə Fars körfəzi istiqaməti. Bu marşrutlardan birində yaranan məhdudiyyətlər təbii olaraq bazara təsir edir.

Avtomobil sektorunda istifadə olunan məhsulların böyük hissəsi neft əsaslıdır. Mühərrik yağlarının tərkibinin təxminən 70 faizi, şinlərin isə 90 faizə qədəri neft məhsullarından formalaşır. Fars körfəzi isə dünya neft daşımalarının əsas qovşaqlarından biridir. Burada yaranan hər hansı məhdudiyyət baza yağlarının və xammalın qiymətinin artmasına səbəb olur.

Hazırda sektorda orta hesabla 10-15 faiz civarında qiymət artımı müşahidə edilir. Şirkət olaraq rəqabət qabiliyyətimizi qorumaq üçün qiymətləri mümkün qədər sabit saxlamağa çalışsaq da, qlobal bazardakı dəyişikliklər məhsulların maya dəyərinə təsirsiz ötüşmür.

_APH3150.jpg.jpeg

– Azərbaycan avtomobil bazarını necə xarakterizə edərdiniz?

– Azərbaycan kifayət qədər açıq və rəqabətli bazardır. Təkcə mühərrik yağları seqmentində 350-dən çox fərqli marka fəaliyyət göstərir.

Belə bir bazarda beynəlxalq markaların ön sıralarda yer alması və istehlakçılar tərəfindən tanınması bizim üçün qürur mənbəyidir. Bu, həm məhsul keyfiyyətinin, həm də uzun illər ərzində qurulmuş etimadın nəticəsidir.

_APH2592.jpg.jpeg

– “Hyper Service”in inkişaf planları nədən ibarətdir?

– Hazırda iki filialımız fəaliyyət göstərir. Onlardan biri Babək prospektində, digəri isə şəhərin mərkəzində – Xaqani küçəsində, Hökumət Evinin yaxınlığında yerləşir.

Gələcək planlarımız arasında “Hyper Service” şəbəkəsinin genişləndirilməsi mühüm yer tutur. Məqsədimiz filialların sayını 10-a çatdırmaq, regionlarda daha geniş təmsil olunmaq və məhsullarımızın əlçatanlığını artırmaqdır. Eyni zamanda vahid qiymət siyasətinin tətbiqi və avtomobillərin texniki sağlamlığı ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi də prioritet istiqamətlərimizdəndir.

_APH2572.jpg.jpeg

– Məhsulların qiymətləri hansı meyarlar əsasında formalaşır?

– Qiymətlərin formalaşmasına bir sıra amillər təsir edir. Buraya məhsulun maya dəyəri, logistika xərcləri, vergilər, əmək fondu və marketinq xərcləri daxildir.

Eyni zamanda texnologiya amili də mühüm rol oynayır. Məsələn, mühərrik yağları yalnız neftdən ibarət deyil. Onların tərkibində müxtəlif sintetik və yüksək texnologiyalı baza yağları istifadə olunur. Bu məhsulların istehsalı laboratoriya araşdırmaları, elmi yanaşma və əlavə investisiyalar tələb edir.

Necə ki, 24 meqapiksellik kamera ilə 64 meqapiksellik kamera arasında qiymət fərqi mövcuddur, mühərrik yağlarında da istifadə olunan texnologiya və keyfiyyət səviyyəsi qiymətə birbaşa təsir göstərir. Buna görə də fərqli seqmentlər üzrə məhsulların qiymətlərində müəyyən fərqlər yaranır.

_APH3311.jpg.jpeg

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...