Azərbaycan turizm bazarı hələ də pandemiyadan sonra tam bərpa olunmayıb - Ceyhun Aşurov

Azərbaycan turizm bazarı hələ də pandemiyadan sonra tam bərpa olunmayıb - Ceyhun Aşurov

MÜSAHİBƏ
814

Azərbaycanın hotel və turizm sektoru qlobal geosiyasi və iqtisadi proseslərin təsiri altında yeni çağırışlarla üzləşir. Smart Hotel Management & Consulting şirkətinin baş direktoru, Skal International Baku-nun prezidenti Ceyhun Aşurov Fins.az-a müsahibəsində sektorun mövcud vəziyyəti, peşəkar kadr çatışmazlığı, rəqəmsal transformasiya və turizmin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

WhatsApp Image 2026-07-16 at 17.22.20 (1).jpeg

- Ceyhun bəy, hazırda Azərbaycanda hotel və turizm sektorunun vəziyyətini necə qiymətləndirirsiniz? Otellər ən çox hansı problemlərlə üzləşirlər?

- Hazırda Azərbaycanda hotel və turizm sektoru müəyyən durğunluq dövrünü yaşayır. Bunun səbəbləri həm qlobal, həm də regional amillərlə bağlıdır. Geosiyasi gərginlik, dünya iqtisadiyyatındakı qeyri-sabitlik, enerji daşıyıcılarının bahalaşması, aviasiya sektorunda yanacaq və logistika ilə bağlı məhdudiyyətlər, eləcə də yaxın regionumuzda baş verən münaqişələr, xüsusilə İran-İsrail qarşıdurması qlobal turizmə mənfi təsir göstərir.

Ümumdünya Turizm Təşkilatı 2026-cı il üçün təxminən 4 faizlik artım proqnozlaşdırsa da, son hadisələr bu artım tempini zəiflədib. Rəsmi açıqlamalara görə, ilin ilk rübündə qlobal turizm artımı təxminən 2 faiz olub. Təbii ki, bu göstəricilər regionlara görə dəyişir.

Azərbaycana gəldikdə isə, bu ilin ilk beş ayında ölkəyə gələn turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11 faizlik azalma qeydə alınıb. Pandemiyadan sonrakı dövrdə ölkənin turizm bazarı hələ də tam bərpa olunmayıb. Bu vəziyyət otellərin doluluq səviyyəsinə də ciddi təsir göstərib və orta hesabla 30 faizə yaxın geriləmə müşahidə olunur.

Nəzərə almaq lazımdır ki, hazırda yay mövsümüdür və otellər üçün ən aktiv satış dövrü hesab edilir. Məhz belə bir vaxtda doluluğun aşağı olması otelləri ciddi maliyyə yükü ilə üz-üzə qoyur. Sabit xərclər – əməkhaqqı, icarə və digər öhdəliklər – dəyişmədiyi üçün müəssisələr xərcləri azaltmağa, bəzi hallarda isə işçi sayını ixtisar etməyə məcbur qalırlar. Bu isə turizm sənayesində fəaliyyət göstərən sahibkarlar üçün ciddi çətinliklər yaradır.

WhatsApp Image 2026-07-16 at 17.22.20.jpeg

- Sizcə, bu gün qonaqlar otellərdən ən çox nə gözləyirlər? Xidmət keyfiyyətini artırmaq üçün nələrə diqqət yetirilməlidir?

- İstənilən halda qonaq məmnuniyyəti göstərilən xidmətin keyfiyyətindən asılıdır. Peşəkar yanaşma, yaxşı xidmət və təlim keçmiş kadrlar müştəri məmnuniyyətini formalaşdıran əsas amillərdir.

Hazırda dünyada əsas tendensiya ondan ibarətdir ki, turistlər ödədikləri vəsaitin qarşılığını tam şəkildə almaq istəyirlər. İnsanlar daha çox yaxın məsafələrə səyahət etməyə üstünlük verirlər. Çünki enerji daşıyıcılarının bahalaşması və dünyada baş verən hadisələr uzunməsafəli səfərləri daha bahalı və daha az səmərəli edir.

Bu səbəbdən ölkədaxili, regiondaxili və qonşu ölkələrə səyahətlər daha aktual hesab olunur. Otellər də bu dəyişən tələblərə uyğun xidmət keyfiyyətini yüksəltməli, qonaqların gözləntilərinə cavab verməlidirlər.

WhatsApp Image 2026-07-16 at 17.22.21 (1).jpeg

- Hotel sektorunda peşəkar işçi çatışmazlığı nə dərəcədə ciddi problemdir? Bu problemi necə həll etmək olar?

- Peşəkar işçi çatışmazlığı təkcə hotel sektorunun deyil, ümumilikdə bütün xidmət sahələrinin problemidir. Lakin turizm və hotelçilik əmək tutumlu sahə olduğundan burada peşəkar kadrlara ehtiyac daha yüksəkdir.

Bu problemi həll etmək üçün ilk növbədə sektorun özü güclü və dayanıqlı olmalıdır. İşçilər uzunmüddətli perspektiv gördükləri, sabit fəaliyyət göstərən müəssisələrdə işləməyə üstünlük verirlər. Mövsümi fəaliyyət isə peşəkar kadrların sektorda qalmasını çətinləşdirir.

Buna görə də ölkəyə gələn turistlərin sayının artırılması və turist axınının ilin bütün aylarında davamlı saxlanılması vacibdir. İş yerləri daimi xarakter daşıdıqda sahibkarlar da daha çox təlimlərə investisiya qoyacaq, sağlam rəqabət şəraitində xidmət keyfiyyətini yüksəltməyə çalışacaqlar.

- Rəqəmsal texnologiyalar və süni intellekt hotel biznesini necə dəyişir? Azərbaycan otelləri bu yeniliklərdən kifayət qədər istifadə edirlərmi?

- Hazırda rəqəmsal texnologiyalar və süni intellekt iqtisadiyyatın demək olar ki, bütün sahələrinə tətbiq olunur və turizm də bu prosesdən kənarda qalmır. Robot texnologiyaları, süni intellekt əsaslı həllər və rəqəmsal platformalar artıq hotel biznesinin ayrılmaz hissəsinə çevrilməkdədir.

Bu gün internetə çıxışı olan hər bir şəxs öz səyahət marşrutunu hazırlaya, otelini seçə və bütün planlaşdırmanı onlayn həyata keçirə bilir. Buna görə də turizm məhsullarının internetdə keyfiyyətli və vizual şəkildə təqdim olunması olduqca vacibdir. Bu, həm əlçatanlığı artırır, həm də satış prosesini sürətləndirir.

Rəqəmsal texnologiyalar qonaqlarla turizm obyektləri arasında əlaqəni daha operativ və rahat edir. Bu gün rəqabət artıq təkcə coğrafi bazarda deyil, eyni zamanda rəqəmsal mühitdə də gedir. Ona görə də otellərin bu yeniliklərdən maksimum istifadə etməsi vacibdir.

WhatsApp Image 2026-07-16 at 17.22.21.jpeg

- Smart Hotel Management & Consulting və Skal International Baku yaxın illərdə Azərbaycan turizmi və hotelçilik sahəsinin inkişafı üçün hansı istiqamətlərə fokuslanacaq?

- Smart Hotel Management & Consulting-in əsas məqsədi Bakı və regionlarda yerləşən otellərin peşəkar idarə olunmasına dəstək vermək və beynəlxalq standartların tətbiqinə töhfə göstərməkdir. Bir çox hallarda hotel binaları tikilir, lakin onların peşəkar şəkildə idarə olunması xüsusi bilik, təcrübə və davamlı təlim tələb edir.

Biz etibarlı tərəfdaşlıq prinsipi əsasında fəaliyyət göstərərək xidmət keyfiyyətinin yüksəldilməsinə çalışırıq. Məqsəd yalnız gəlir əldə etmək deyil, eyni zamanda otelin nüfuzunu qorumaq, düzgün idarəetmə sistemi qurmaq və uzunmüddətli etibarlı brend formalaşdırmaqdır. Turizmdə etik qaydalara riayət olunması və sağlam rəqabətin qorunması bizim üçün əsas prinsiplərdəndir.

Turist axınının az olduğu dövrlərdə bəzi obyektlər qiymət rəqabətinə və ya yanlış təqdimata üstünlük verə bilərlər. Lakin qısamüddətli qazanc naminə atılan bu addımlar gələcəkdə şirkətin nüfuzuna və strateji inkişafına ciddi zərər vura bilər.

Skal International Baku isə dünyanın 75 ölkəsində fəaliyyət göstərən, 300 klub və 12 minə yaxın üzvü birləşdirən qlobal turizm peşəkarları şəbəkəsinin Azərbaycan klubudur. Assosiasiyanın əsas prinsipi "Doing Business Among Friends" – yəni "Dostlar arasında biznes" fəlsəfəsinə əsaslanır.

Klub olaraq turizm sektorunda baş verən prosesləri davamlı təhlil edir, peşəkarların əməkdaşlığını təşviq edir, dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən müzakirələr təşkil edirik. Məqsəd dövlət və biznes arasında dialoqu gücləndirmək, qarşılıqlı anlaşmanı artırmaq və Azərbaycanın turizm sektorunun inkişafına birgə töhfə verməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan turizm bazarı hələ də pandemiyadan sonra tam bərpa olunmayıb - Ceyhun Aşurov — Fins.az — Fins.az