Süni intellektlə yeni başlanğıc: Region gənc qadınları üçün 2 günlük intensiv AI düşərgəsi keçirilib

Süni intellektlə yeni başlanğıc: Region gənc qadınları üçün 2 günlük intensiv AI düşərgəsi keçirilib

IKT
332

“Süni intellektlə yeni başlanğıc” adlı layihə “Trendyol”, “PAŞA Holding” və “Women in Tech Azerbaijan”ın əməkdaşlığı ilə həyata keçirilən 2 günlük intensiv regional süni intellekt düşərgəsi kimi təşkil olunur.

Fins.az xəbər verir ki, layihə 2026-cı il üçün Beynəlxalq “İKT-də Qızlar” Gününün rəsmi mövzusu olan “AI for Development: Girls shaping the digital future” çərçivəsində reallaşdırılır.

Layihənin əsas məqsədi regionlarda yaşayan 18–25 yaş arası qızların süni intellekt sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların AI alətlərindən daha effektiv və məqsədyönlü istifadə etməsinə şərait yaratmaq, həmçinin əldə olunan biliklərin gələcək karyera və gəlir imkanlarına çevrilməsinə dəstək verməkdir.

Düşərgə iki regionda keçirilir. 24–25 aprel tarixlərində Gəncədə, 26–27 aprel tarixlərində isə Mingəçevirdə təşkil olunan proqramda ümumilikdə 80-ə yaxın iştirakçının cəlb olunub. Hər region üzrə 40 iştirakçı tələbələr, yeni məzunlar və karyerasının ilkin mərhələsində olan gənc qadınlar arasından seçilir.

İki günlük intensiv proqram çərçivəsində iştirakçılar süni intellektin əsasları, gələcəyin iş dünyasında AI imkanları, sorğu (prompt) yazma bacarıqları, AI-nin kontent yaradılması, biznes və e-ticarətdə tətbiqi, eləcə də təhlükəsiz və etik AI istifadəsi kimi mövzularda praktiki və nəzəri biliklər əldə edirlər. Proqram qrup işləri, mini-lab sessiyaları və praktiki tapşırıqlarla tamamlanır.

“Trendyol’’un Azərbaycanda Korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova bildirib ki, bu kimi təlimlər gənc qadınların gələcəyə investisiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, öyrənilən hər bir bilik və edilən hər bir investisiya gələcəyə işıq salır:

“Trendyol texnologiya şirkəti təkcə mövcud texnologiyalardan istifadə etmir, eyni zamanda yeni texnologiyalar yaradır, daim inkişaf edir və onların müxtəlif sahələrdə tətbiqini araşdırır. Bu, dayanmayan bir prosesdir.”

S.Cəfərova qeyd edib ki, süni intellekt artıq gündəlik həyatın və xüsusilə e-ticarətin ayrılmaz hissəsinə çevrilib:

“Məhsul tövsiyələrindən tutmuş logistika proseslərinə, satıcıların idarəetmə sistemlərindən real vaxt tərcümə xidmətlərinə qədər bir çox sahədə AI geniş tətbiq olunur. İnsanlar artıq müxtəlif platformalarda süni intellektin tövsiyələrini görür, seçimlərə yönləndirilir. Bu texnologiya eyni zamanda məhsulların idarə olunmasından müştəri xidmətlərinə qədər bütün prosesi optimallaşdırır. Hətta bir neçə saniyə ərzində fərqli dillərə tərcümə etmək mümkündür.”

O, həmçinin qeyd edib ki, bu sahədə minlərlə mütəxəssis çalışır və onların arasında qadınların, xüsusilə gənc qadınların rolu getdikcə artır:

“Ənənəvi stereotiplərin əksinə olaraq, qadınlar texnologiya və innovasiya sahəsinə də böyük maraq göstərirlər və bu iştirak sevindirici haldır.”

Sonda o bildirib ki, bu təlimlər iştirakçılar üçün yeni bir başlanğıc ola bilər:

“Bəlkə də bu gün öyrəndiyiniz bir ideya sabah böyük bir layihənin əsasını qoyacaq. Böyük ideyalar məhz belə görüşlərdə formalaşır.”

Layihə nəticəsində iştirakçılar süni intellekt alətlərindən istifadə üzrə fundamental və praktiki bacarıqlar qazanır, fərdi AI yanaşmalarını formalaşdırır, real istifadə nümunələri və fəaliyyət planları hazırlayır, həmçinin prompt portfolioları yaradırlar.

Təşəbbüs regionlarda yaşayan gənc qadınların texnologiyaya çıxış imkanlarını genişləndirməyi, onların rəqəmsal bacarıqlarını artırmağı və gələcək əmək bazarında daha rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına dəstək verməyi hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...