
Rəqəmsal İnkişaf Fəaliyyət Planı: Süni intellekt və kibertəhlükəsizlik əsas prioritetlər olacaq
Fins.az – Azərbaycan 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Fəaliyyət Planı çərçivəsində BMT-nin elektron hökumətin inkişafı indeksində ilk 40 ölkə sırasında yer almağı hədəfləyir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan BMT-nin elektron hökumətin inkişafı indeksində 74-cü yerdə qərarlaşıb.
R.Həsənov qeyd edib ki, 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində ümumilikdə 88 təşəbbüs həyata keçiriləcək.
Nazir müavininin sözlərinə görə, təşəbbüslər rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqaməti əhatə edir.
R.Həsənov bildirib ki, proqramın əsas nəticə göstəriciləri sırasında İKT sektorunun həcminin iki dəfə artırılması, İKT ixracının 1 milyard dollara çatdırılması, sektorda çalışanların sayının 25 mindən 40 minə yüksəldilməsi, eləcə də BMT-nin elektron hökumətin inkişafı indeksində Azərbaycanın ilk 40 ölkə sırasında yer alması hədəflənir.