Məlumat bazası və insan kapitalı rəqəmsallaşmanın əsasıdır - Bahar Energy

Məlumat bazası və insan kapitalı rəqəmsallaşmanın əsasıdır - Bahar Energy

IKT
201

Fins.az - “Bahar Energy Operating Company”nin istehsalat və texnologiyalar departamentinin direktoru Orxan Hüseynov 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı neft-qaz sektorunda rəqəmsal transformasiyanın əsas şərtlərini açıqlayıb.

O bildirib ki, şirkət hazırda istehsal proseslərinin rəqəmsallaşdırılması və ehtiyatların işlənməsi səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Hüseynovun sözlərinə görə, ən mühüm çağırışlardan biri keyfiyyətli ilkin məlumat bazasının formalaşdırılmasıdır.

“Bizim üçün əsas çağırışlardan biri məlumatlarla iş oldu. Hər hansı layihəyə başlamaq üçün qərarların qəbul edilməsinə və sonrakı fəaliyyətin qurulmasına əsas verən keyfiyyətli ilkin məlumat bazasına malik olmaq lazımdır”, – deyə o qeyd edib.

Şirkət nümayəndəsi əlavə edib ki, illər ərzində toplanmış məlumatların əhəmiyyətli hissəsi kağız sənədlər və arxiv materialları şəklində saxlanılıb. Buna görə də rəqəmsal transformasiyadan əvvəl bu məlumatların sistemləşdirilməsi və rəqəmsallaşdırılması zəruri mərhələ kimi qarşıya çıxıb.

Onun sözlərinə görə, müasir proqram təminatı və rəqəmsal həllərin effektiv tətbiqi üçün yalnız texnologiya deyil, həm də təşkilati hazırlıq vacibdir. Bu baxımdan kadrların yeni sistemlərə uyğunlaşdırılması və təlimləndirilməsi mühüm rol oynayır.

Hüseynov vurğulayıb ki, əməkdaşlar yeni alətlərdən düzgün istifadə etməli, sistemlərin təqdim etdiyi nəticələri başa düşməli və onların imkanlarını maksimum dərəcədə tətbiq etməyi bacarmalıdırlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məlumat bazası və insan kapitalı rəqəmsallaşmanın əsasıdır - Bahar Energy — Fins.az — Fins.az