Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 79,52 faizə yüksəlib

Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 79,52 faizə yüksəlib

IKT
262

2026-cı ilin may ayında Azərbaycanda süni intellekt əsaslı çat-botlar bazarında "ChatGPT" lider mövqeyini qoruyub saxlayıb.

Fins.az-ın "Global Stats" məlumatlarına istinadən verdiyi xəbərə görə, hesabat dövründə "ChatGPT"nin bazar payı 79,52 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 6,74 faiz bəndi artıb.

Məlumata əsasən, ölkədə ikinci ən çox istifadə olunan süni intellekt çat-botu olan "Google Gemini"nin bazar payı isə əksinə, 6,7 faiz bəndi azalaraq 13,45 faizə enib.

May ayında "Claude"un bazar payı 2,83 faiz, "Microsoft Copilot"un payı 2,12 faiz, "Perplexity"nin bazar payı isə 2,06 faiz təşkil edib.

Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt əsaslı çat-botlar bazarında ən yaxın rəqiblərini əhəmiyyətli fərqlə geridə qoyaraq liderliyini daha da möhkəmləndirib.

Xatırladaq ki, 2026-cı ilin iyun ayında Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında, həmçinin OpenAI şirkəti ilə əməkdaşlıq çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Memorandum 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində hazırlanacaq platforma mövcud milli təhsil proqramına inteqrasiya ediləcək və əlavə süni intellekt əsaslı funksional alət kimi fəaliyyət göstərəcək.

Platforma şagirdlərin bilik və bacarıqlarının diaqnostikasını aparmağa, fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə və hər bir istifadəçinin öyrənmə ehtiyaclarına uyğun fərdi tədris dəstəyi göstərməyə imkan verəcək. Eyni zamanda sistem müəllimlər, məktəb rəhbərləri və aidiyyəti qurumlar üçün real vaxt rejimində fəaliyyət göstəricilərinin təqdim olunmasını təmin edəcək.

Layihənin ilkin mərhələdə pilot formatda tətbiq ediləcəyi, əldə olunacaq nəticələr əsasında isə mərhələli şəkildə genişləndiriləcəyi bildirilib. Platformanın fəaliyyəti müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri əsasında qurulacaq.

Memorandumun imzalanması zamanı Emin Əmrullayev bildirib ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli istifadə imkanlarının yaradılması bu texnologiyaların məsuliyyətli tətbiqinə xidmət edir. Nazirin sözlərinə görə, "OpenAI" ilə əməkdaşlıq süni intellektin təhsil sisteminə inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə uyğunluq təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 79,52 faizə yüksəlib — Fins.az — Fins.az