
Azərbaycanda İKT sektoruna investisiyalar 76,7 faiz artıb
Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında ən yüksək artım tempi informasiya və rabitə sektorunda qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, aprel ayının sonuna olan göstəricilərə əsasən, informasiya və rabitə sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 2,1 faizə yüksəlib. Qeyri-neft və qeyri-qaz ÜDM-də isə sektorun payı 3 faiz təşkil edib.
Nazirliyin məlumatına görə, hesabat dövründə sahə üzrə ümumi gəlirlər 1 milyard 271 milyon 200 min manata çatıb. İnformasiya və rabitə sektorunun gəlirləri real ifadədə 9 faiz və ya 127 milyon manat artım göstərib.
Qeyd olunub ki, son illərdə sektorun gəlir strukturunda informasiya xidmətlərinin payı artmaqda davam edir. Xüsusilə proqram təminatının hazırlanması və bu sahədə məsləhət xidmətləri üzrə gəlirlərdə 30,8 faiz artım müşahidə edilib. Bu dinamika sektorun daha yüksək əlavə dəyər yaradan xidmətlərə keçid etdiyini göstərir.
Bununla yanaşı, informasiya və rabitə sektoruna yönəldilən investisiyalarda da ciddi artım qeydə alınıb. Belə ki, 2026-cı ilin ilk 4 ayında sahəyə yatırılan investisiyaların həcmi 76,7 faiz və ya 80 milyon 300 min manat artaraq 185 milyon manata çatıb.
Məlumatda vurğulanıb ki, müşahidə olunan artım rəqəmsal iqtisadiyyatın genişlənməsi, texnologiya əsaslı xidmətlərin inkişafı və innovativ həllərə marağın yüksəlməsi ilə bağlıdır.