
Yaponiya silah ixracı ilə bağlı məhdudiyyətləri aradan qaldırıb
Fins.az - Yaponiya hökuməti silah ixracına qoyulan məhdudiyyətləri yumşaldaraq, ölümcül silahların da xaricə satışına imkan verən dəyişiklikləri təsdiqləyib.
Qərar Müdafiə Avadanlıqlarının Transferi üzrə Üç Prinsip sənədinə edilən yeniliklər çərçivəsində qəbul olunub. Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, müasir təhlükəsizlik mühitində heç bir ölkə özünü təkbaşına tam müdafiə edə bilmir və bu səbəbdən müdafiə sənayesinin gücləndirilməsi zəruridir.
Baş nazir Sanae Takaiçi isə vurğulayıb ki, yeni qaydalar çərçivəsində Yaponiya artıq müdafiə avadanlıqlarını əvvəlki kimi məhdud sahələrlə deyil, daha geniş şəkildə ixrac edə biləcək.
Qeyd edək ki, əvvəllər ölkədə silah ixracına ciddi məhdudiyyətlər tətbiq olunur və bu fəaliyyət əsasən xilasetmə, nəqliyyat, müşahidə və mina təmizləmə kimi sahələrlə məhdudlaşırdı.