
Yanvarda qlobal neft hasilatı azalıb
Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı yanvarda dekabr ayına nisbətən gündəlik 710 min barel azalaraq 28 milyon 860 min barel təşkil edib.
OPEC-in xam neft xaricindəki digər istehsalı isə gündəlik 20 min barel artaraq 5 milyon 520 min barel olub. Beləliklə, OPEC-in cəmi neft istehsalı yanvarda gündəlik 34 milyon 380 min barel təşkil edib.
OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı isə yanvarda gündəlik 130 min barel azalaraq 66 milyon 130 min barelə düşüb.
Beləliklə, qlobal neft hasilatı yanvarda dekabr ayı ilə müqayisədə gündəlik 820 min barel azalaraq 100 milyon 510 min barelə geriləyib.
Hesabatda, qlobal neft tələbinin bu il 101 milyon barel olacağı nəzərdə tutulur.