
Rusiya iqtisadiyyatı üzrə artım proqnozu kəskin azaldıldı
Rusiyada 2026-cı il üzrə ÜDM artımı proqnozu aşağı salınıb.
Fins.az xəbər verir ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının gələn il cəmi 0,4% artacağını gözləyir. Halbuki əvvəlki proqnozda bu göstərici 1,3% idi.
Bu barədə Rusiyanın baş nazir müavini Alexander Novak “Vedomosti” qəzetinə müsahibəsində bildirib.
Yeni proqnoza əsasən, Rusiyada ÜDM artımının 2027-ci ildə 1,4%-ə, 2029-cu ildə isə 2,4%-ə yüksələcəyi gözlənilir.
Hökumət həmçinin 2026-cı ildə investisiya aktivliyinin azalmasının davam edəcəyini proqnozlaşdırır. İqtisadi artımın yalnız 2027-ci ildən yenidən sürətlənəcəyi ehtimal olunur.
Bununla yanaşı, Rusiyada işsizliyin aşağı səviyyədə – 2,3-2,4% intervalında qalacağı gözlənilir. Novak bunu ölkədə əmək resurslarının məhdud olması və demoqrafik faktorlarla izah edib.
İnflyasiyanın isə 2026-cı ildə 5,2%-ə yaxınlaşacağı, 2027-ci ildən etibarən 4%-lik hədəfə yaxın olacağı proqnozlaşdırılır.
Məlumata görə, Rusiyada əhalinin gəlirlərinin artım tempi də zəifləyib. 2026-cı ilin ilk rübündə real gəlirlər cəmi 1,5% artıb. Ekspertlər bildirirlər ki, istehlakçı əhval-ruhiyyəsinin zəifləməsi fonunda rusiyalılar xərclərə, xüsusilə ərzaq alışına daha çox qənaət etməyə başlayıblar.