Qlobal ərzaq israfı rekord səviyyədədir – FAO-dan yeni hesabat

Qlobal ərzaq israfı rekord səviyyədədir – FAO-dan yeni hesabat

DÜNYA
225

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada hər il itirilən və ya tullantıya çevrilən qida məhsullarının iqtisadi dəyəri təxminən 1 trilyon ABŞ dollarına yaxınlaşır.

Fins.az xəbər verir ki, FAO-nun hesabatında qlobal ərzaq istehsalının əhəmiyyətli hissəsinin istehlakçıya çatmadan itirildiyi və ya tullantıya çevrildiyi qeyd olunub.

Məlumata əsasən, dünyada istehsal olunan ərzağın təxminən üçdə biri müxtəlif mərhələlərdə itirilir. Hesabatda vurğulanır ki, bu həcmdə qida məhsulu ilə il ərzində 1,26–1,3 milyard insanın ərzaq təminatını qarşılamaq mümkün olardı.

FAO-nun hesablamalarına görə, qida məhsullarının təxminən 14 faizi istehsal, emal və daşınma mərhələlərində itirilir. Bu itkilərin iqtisadi dəyəri 400 milyard ABŞ dollarına yaxın qiymətləndirilir.

Bununla yanaşı, istehlak mərhələsində ərzağın 17 faizi tullantıya çevrilir. Nəticədə qlobal iqtisadiyyatda ərzaq itkiləri və tullantılar səbəbindən hər il təxminən 936 milyard ABŞ dolları həcmində zərər yaranır.

Hesabatda heyvandarlıq sektorunda müşahidə olunan inkişaf meyillərinə də yer verilib. Bildirilir ki, son onilliklər ərzində qlobal ət istehsalı demək olar ki, iki dəfə artıb.

Xüsusilə quş əti istehsalı 1961-ci ildən etibarən təxminən altı dəfə yüksəlib. Donuz əti və yumurta istehsalında da əhəmiyyətli artım qeydə alınıb. Süd istehsalında isə daha sabit və mülayim yüksəliş müşahidə olunub.

Regional göstəricilərə görə, ümumi istehsal həcminə əsasən Asiya lider mövqedə qərarlaşıb. Avropa isə ikinci sırada yer alıb.

Adambaşına düşən istehsal göstəricilərində Şimali Amerika ön sıralarda qərarlaşıb. Saxaradan cənubda yerləşən Afrika ölkələrində ümumi istehsal səviyyəsi əsasən dəyişməz qalsa da, bəzi ölkələrdə süd və quş əti istehsalında artım qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal ərzaq israfı rekord səviyyədədir – FAO-dan yeni hesabat — Fins.az — Fins.az