
Qlobal enerji bazarında yeni investisiya prioritetləri açıqlanıb
Yaxın üç-beş il ərzində Yaxın Şərq ölkələrinin milli neft şirkətləri gəlir mənbələrinin qorunmasına və əməliyyatların karbon intensivliyinin azaldılmasına üstünlük verəcəklər.
Fins.az xəbər verir ki, bunu “Deloitte” şirkətinin Strategiya və Əməliyyatlar üzrə tərəfdaşı Alexios Zachariadis Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, son illərdə baş verən geosiyasi münaqişələr, xüsusilə Yaxın Şərqdəki hadisələr enerji təhlükəsizliyinin artıq ikinci planda qalan bir məsələ olmadığını göstərib və bu amil həm dövlətlər, həm də şirkətlər üçün əsas strateji prioritetlərdən birinə çevrilib.
A.Zachariadis bildirib ki, enerji keçidi prosesindən geri dönüş yoxdur, lakin bu proses daha mərhələli və praqmatik şəkildə həyata keçirilir. Onun sözlərinə görə, hazırda əsas diqqət enerji təchizatının etibarlılığına, kommersiya gəlirlərinin qorunmasına və karbonsuzlaşdırma tədbirlərinə yönəlib.
Ekspert qeyd edib ki, enerji sektorunda beş əsas investisiya istiqaməti formalaşır: hasilatın etibarlılığının artırılması, LNG layihələrinin genişləndirilməsi, logistika və saxlama infrastrukturuna investisiyalar, ticarət əməliyyatlarının təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi.
Onun sözlərinə görə, “downstream” sahəsinə yatırımlar daha seçici aparılır, eyni zamanda günəş və nüvə enerjisi, metan emissiyalarının azaldılması və süni intellekt həlləri kimi istiqamətlər ön plana çıxır.
A.Zachariadis əlavə edib ki, Hörmüz boğazı kimi strateji keçidlərdə yaranan risklər enerji ixracının dayanıqlığı üçün alternativ marşrutların və birgə infrastruktur layihələrinin vacibliyini artırır.