
“Meta” 8 minə yaxın əməkdaşını ixtisar edəcək
Fins.az - “Meta” şirkəti əməkdaşlarının təxminən 10 faizini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu, təxminən 8 min nəfərin işdən çıxarılması deməkdir.
Şirkətin kadrlar üzrə direktoru Canel Qeylin sözlərinə görə, eyni zamanda 6 minə yaxın vakant yer də bağlanacaq. İxtisarların mayın 20-dən etibarən qüvvəyə minəcəyi bildirilib.
Qeyd olunur ki, bu addım texnologiya sektorunda süni intellektə böyük sərmayələr fonunda baş verən ixtisar dalğasının davamıdır. “Meta” da digər texnoloji şirkətlər kimi bu sahəyə ciddi investisiyalar yönəldir.
Belə ki, şirkət ötən il data mərkəzləri və süni intellekt infrastrukturu üçün 72,2 milyard dollar sərmayə qoyub. Cari ildə isə bu məbləğin ən azı 115 milyard dollara çatdırılması planlaşdırılır.