
NASA-nın MAVEN missiyası başa çatıb
Fins.az - NASA-nın Mars atmosferinin öyrənilməsi üçün həyata keçirdiyi MAVEN (Mars Atmosferi və Uçucu Maddələrin Təkamülü) missiyası rəsmi olaraq başa çatıb.
Agentliyin məlumatına görə, 11 ildən artıq müddətdə Mars orbitində fəaliyyət göstərən kosmik aparatla sonuncu əlaqə 2025-ci il dekabrın 6-da qurulub. Daha sonra baş verən gözlənilməz siqnal itkisi səbəbindən aparatla rabitəni bərpa etmək mümkün olmayıb.
MAVEN missiyası Mars atmosferinin zamanla necə dəyişdiyini və planetin su ehtiyatlarının hansı səbəblərdən itirildiyini araşdırmaq məqsədilə yaradılmışdı.
Missiya ərzində əldə olunan məlumatlar alimlərə Marsın keçmiş iqlimini və onun yaşayış üçün əlverişli olub-olmamasını daha yaxşı anlamağa kömək edib.
NASA bildirib ki, MAVEN-in topladığı elmi məlumatlar gələcək Mars tədqiqatları üçün mühüm mənbə olaraq qalacaq.