
Mənzil hüququ və inklüziv şəhərlər prioritetdir - Zimbabvenin Vitse-prezidenti
Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxış edərək şəhərsalma sahəsində qəbul edilən bəyannamələrlə kifayətlənməyin kifayət etmədiyini, real və praktik addımların atılmasının vacibliyini vurğulayıb.
Fins.az xəbər verir ki, o bu fikirləri WUF13-ün Liderlər Sammitində səsləndirib və şəhərlərin gələcəyi üçün konkret icra mexanizmlərinin əhəmiyyətinə diqqət çəkib.
Nyikadzino bildirib ki, Zimbabve hökuməti ağıllı, dayanıqlı və inklüziv şəhərlərin qurulmasını prioritet istiqamət kimi müəyyənləşdirib və mənzili hər bir vətəndaşın təməl hüququ kimi qəbul edir.
O, Azərbaycan və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) forumun təşkilinə görə təşəkkür edib və WUF13-ü qlobal şəhərsalma gündəliyinin müzakirəsi baxımından mühüm platforma adlandırıb.
Vitse-prezident qeyd edib ki, ölkəsi 2030-cu ilə qədər şəhər və insan məskənlərini daha inklüziv, təhlükəsiz və dayanıqlı etmək üçün strateji planlar hazırlayıb və bu istiqamətdə praktiki nəticələr gözləyir.
Onun sözlərinə görə, WUF13 Dayanıqlı İnkişaf Gündəliyinin icrası üçün daha effektiv və tətbiq oluna bilən yanaşmaların formalaşdırılmasına töhfə verməlidir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə Bakıda keçirilir və forum şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf sahələrində qlobal dialoqa platforma yaradır.