Kuba şəhərsalma modeli: 8 strateji istiqamət üzrə yeni inkişaf planı

Kuba şəhərsalma modeli: 8 strateji istiqamət üzrə yeni inkişaf planı

DÜNYA
211

Kubanın Milli Ərazi Planlaşdırılması İnstitutunun vitse-prezidenti Antonio Fuervelo bildirib ki, ölkədə yeni şəhər strukturunun tətbiqi üçün dövlət planı mövcuddur və bu plan səkkiz strateji istiqamətdən ibarət olmaqla şəhərlərin dövlət, əyalət və bələdiyyə səviyyəsində kompleks inkişafına imkan yaradır.

Fins.az xəbər verir ki, o bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil edilən “İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üçün dərslər” adlı panel müzakirəsində səsləndirib.

Onun sözlərinə görə, Kubada əsas alətlərdən biri Milli Ərazi və Şəhərsalma Sxemidir və ölkənin şəhərsalma prosesi məhz bu sistem vasitəsilə idarə olunur.

Antonio Fuervelo bildirib ki, ölkə səviyyəsindən başlayaraq əyalət və bələdiyyə səviyyəsinə qədər hər bir inzibati vahidin öz şəhərsalma planı mövcuddur və bu planlar dövlət proqramları ilə əlaqələndirilərək icra edilir.

O qeyd edib ki, “Həyat Tapşırığı” adlı dövlət proqramı iqlim dəyişiklikləri ilə mübarizəyə yönəlib və bu çərçivədə həssas şəhərlər prioritet olaraq nəzərə alınır, fövqəladə hallar zamanı isə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Plan Turquino proqramı isə dağlıq və çətin əlçatan ərazilərdə yaşayan icmaların inkişafına xidmət edir və sosial siyasətlərlə inteqrasiya olunmuş şəkildə icra olunur.

Rəsmiyə görə, bu yanaşma qadınlar, çoxuşaqlı tək analar, yaşlılar və əlilliyi olan şəxslərə yönəlmiş sosial dəstək mexanizmləri ilə də əlaqələndirilir.

Kuba nümayəndəsi həmçinin ölkədə enerji siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, yanacaq təchizatında məhdudiyyətlər alternativ enerji mənbələrinin, xüsusilə günəş panellərinin geniş tətbiqini zəruri edib.

O qeyd edib ki, ən həssas icmalar üçün xəstəxanalar, poliklinikalar, sosial mərkəzlər və xüsusi qayğıya ehtiyacı olan şəxslərin yaşadığı məkanlarda enerji təminatı prioritet olaraq həyata keçirilir.

Bundan əlavə, su təchizatı sahəsində də xüsusi proqramların icra olunduğu və çətin bölgələrə su çatdırılmasının təmin edildiyi bildirilib.

Bakıda keçirilən WUF13 çərçivəsində şəhərsalma, iqlim dəyişikliyi, inklüziv inkişaf və mənzil siyasəti üzrə müzakirələr davam edir. Forumun dördüncü günündə müxtəlif panel sessiyalar və tematik tədbirlər təşkil olunub.

Qeyd edək ki, WUF13 mayın 22-dək davam edir və 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kuba şəhərsalma modeli: 8 strateji istiqamət üzrə yeni inkişaf planı — Fins.az — Fins.az