İqlim böhranı şəhərləri və icmaları daha da həssas vəziyyətə salır – UN-Habitat

İqlim böhranı şəhərləri və icmaları daha da həssas vəziyyətə salır – UN-Habitat

DÜNYA
167

İqlim dəyişikliyi artıq gələcəkdə baş verə biləcək risk deyil, bu günün reallığına çevrilib və mövcud sistemlər üzərində təzyiqi getdikcə artırır.

Fins.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave WUF13 çərçivəsində keçirilən “sülhyönümlü iqlim fəaliyyəti” mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iqlim böhranı infrastruktura ciddi ziyan vurur, onsuz da həssas vəziyyətdə olan icmaların risklərini daha da artırır və sosial dayanıqlılığı zəiflədir.

Anna Soave qeyd edib ki, bərpa prosesinin ən görünən nəticələri məhz şəhərlərdə özünü göstərir. Onun sözlərinə görə, evlərin bərpası, su və elektrik təchizatının yenilənməsi, uşaqların məktəbə qayıtması və ictimai məkanların yenidən istifadəyə verilməsi sülhün real və hiss edilən formaya çevrilməsinə şərait yaradır.

O əlavə edib ki, bərpa prosesi yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda insanların ləyaqət hissinin, aidiyyət duyğusunun və gələcəyə inamının bərpasını da əhatə edir. Bu amillər olmadan icmaların davamlı sabitliyi mümkün deyil.

UN-Habitat rəsmisi vurğulayıb ki, sosial həmrəylik olmadan bərpa olunan binalar sadəcə tikili olaraq qalır və şəhərsalma baxımından məhəllələr yalnız fiziki deyil, həm də sosial əlaqələrlə formalaşmalıdır.

Onun sözlərinə görə, bu yanaşma xüsusilə genişmiqyaslı yenidənqurma proseslərinin getdiyi regionlar, o cümlədən Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyır.

Anna Soave həmçinin qeyd edib ki, mövcud beynəlxalq yanaşmalar çox vaxt iqlim fəaliyyəti, humanitar yardım, şəhərsalma, sülh quruculuğu və inkişaf maliyyəsini ayrı istiqamətlər kimi təqdim edir. Lakin real həyatda bu problemlər bir-biri ilə sıx bağlı şəkildə mövcuddur və insanlar onları kompleks şəkildə yaşayır.

Bu kontekstdə o, “WUF13” çərçivəsində müzakirə olunan “Ağıllı və Dayanıqlı Məskunlaşmalar” təşəbbüsünün inteqrasiya olunmuş yanaşma formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilir.

Forum şəhərsalma, mənzil təminatı və dayanıqlı şəhər inkişafı kimi qlobal problemlərin müzakirəsi üçün müxtəlif ölkələrdən hökumətləri, ekspertləri və tərəfdaşları bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İqlim böhranı şəhərləri və icmaları daha da həssas vəziyyətə salır – UN-Habitat — Fins.az — Fins.az