İçərişəhər şəhərsalma və mədəni irsin uğurlu nümunəsidir - WUF13

İçərişəhər şəhərsalma və mədəni irsin uğurlu nümunəsidir - WUF13

DÜNYA
410

Qədim binalarda yeni yaşayış və funksional şəraitin yaradılması məsələsi ciddi şəkildə nəzərdən keçirilməlidir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regenerasiya prosesindən danışarkən yalnız ayrı-ayrı binaların deyil, bütövlükdə şəhər strukturunun qorunması əsas hədəf olmalıdır.

Səbinə Hacıyeva qeyd edib ki, tarixi mühitin qorunması və müasir şəhər həyatına inteqrasiyası balanslı yanaşma tələb edir.

O bildirib ki, İçərişəhər bunun bariz nümunəsidir və bu ərazidə bu gün də insanlar yaşayır. Onun sözlərinə görə, İçərişəhərin qorunması istiqamətində böyük işlər görülüb və bu məkan yalnız turistik zona kimi deyil, həm də canlı tarixi mühit kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Bakıda WUF13-ün dördüncü günü müxtəlif sessiyalar və müzakirələrlə davam edir. Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı üzrə müzakirələr keçirilib, həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi baş tutub.

İkinci gün ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı və şəhər dayanıqlılığına dair yüksək səviyyəli müzakirələr aparılıb, eyni zamanda Mexiko şəhərinin pavilyonunun açılışı olub.

WUF13-ün üçüncü günü isə mənzil böhranı, inklüziv şəhərlər, iqlim dayanıqlılığı, süni intellekt, yaşıl urbanizasiya və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələrlə davam edib.

Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb və tarixdə ilk dəfə Azərbaycanın təşəbbüsü ilə WUF13 QHT Forumu təşkil olunub.

182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı WUF13 mayın 22-dək davam edir və “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu üzrə qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İçərişəhər şəhərsalma və mədəni irsin uğurlu nümunəsidir - WUF13 — Fins.az — Fins.az