
Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsində partlayıcı iz tapılmayıb
Fins.az - Türkiyəyə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda baş verən qəzası ilə bağlı ilkin hesabat açıqlanıb. Araşdırma nəticəsində təyyarə qalıqlarından götürülən nümunələrdə nə daxildə, nə də xaricdə partlayıcı maddə izlərinə rast gəlinməyib.
Hesabatda qeyd olunur ki, Uçuş Məlumat Qeyd Cihazının (FDR) məlumatları təhlil edilərkən qəza anına qədər həm uçuş heyətinin danışıqlarında, həm də təyyarə sistemlərində hər hansı nasazlıq qeydə alınmayıb və proses normal davam edib. Hadisənin qəfil baş verdiyi vurğulanır.
Bildirilib ki, təyyarənin quyruq hissəsinin gövdədən ayrılması nəticəsində FDR-ə aid enerji və məlumat kabelləri qopub, bu səbəbdən qeydiyyat dayanıb və qəzanın səbəblərini tam aydınlaşdıracaq əlavə məlumat əldə olunmayıb. Araşdırmalar davam edir.