Dünyada hər il 23 milyon tona yaxın plastik tullantı ekosistemləri çirkləndirir

Dünyada hər il 23 milyon tona yaxın plastik tullantı ekosistemləri çirkləndirir

DÜNYA
243

Mövcud texnologiyaların tətbiqi və qapalı dövriyyə iqtisadiyyatına keçid sayəsində dünyada plastik çirklənmənin həcmi 2040-cı ilədək 80 faiz azaldıla bilər.

Fins.az xəbər verir ki, bu fikirləri BMT-nin Ətraf Mühit Proqramının submilli iqlim fəaliyyəti bölməsinin rəhbəri Şeron Gil Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Plastik çirklənməsi ilə mübarizə: yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda sessiyada səsləndirib.

Onun sözlərinə görə, şəhərlər həm plastik tullantıların ən böyük mənbələri, həm də bu problemin həlli üçün əsas platformalar hesab olunur.

Şeron Gil bildirib ki, hər gün okeanlara, çaylara və dənizlərə təxminən iki min zibil maşınının daşıdığı həcmdə plastik tullantı atılır. O qeyd edib ki, ekosistemləri çirkləndirən plastik tullantıların illik həcmi hazırda 19–23 milyon ton arasında dəyişir.

BMT rəsmisi vurğulayıb ki, plastik çirklənməsi ilə mübarizədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramı beynəlxalq təşkilatlar, BMT strukturları və ekoloji tərəfdaşlarla birlikdə plastik çirklənməsi üzrə qlobal məlumat bazasının və monitorinq mexanizmlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Şeron Gil əlavə edib ki, dairəvi iqtisadiyyat modelinə keçid və innovativ texnologiyaların tətbiqi tullantıların həcminin azaldılması ilə yanaşı, resurslardan daha səmərəli istifadəyə də imkan yaradır.

Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş sessiyalarla davam edib.

Forum çərçivəsində “İqlim və mənzil əlaqəsi”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı”, “Təmiz hava”, “Şəhər iqlim irsi” və digər mövzularda dialoqlar və panel müzakirələri keçirilib.

WUF13 iştirakçıları urbanizasiya proseslərinin yaşıl iqtisadiyyat, sosial inklüzivlik və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Sessiyalarda həmçinin təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların şəhərlərin gələcək inkişafındakı rolu geniş müzakirə olunub.

182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı WUF13 mayın 22-dək davam edir və dayanıqlı şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyada hər il 23 milyon tona yaxın plastik tullantı ekosistemləri çirkləndirir — Fins.az — Fins.az