Dünya üzrə milyonçuların sərvəti 98,3 trilyon dollara çatıb

Dünya üzrə milyonçuların sərvəti 98,3 trilyon dollara çatıb

DÜNYA
258

Dünyada yüksək sərvətə malik şəxslərin (HNWI) sayı 2025-ci ildə 7,9% artaraq 25,3 milyona çatıb.

Fins.az xəbər verir ki, bu barədə Capgemini şirkətinin illik Dünya Sərvət Hesabatında qeyd olunub.

Hesabata görə, yüksək sərvətə malik şəxslər dedikdə əsas yaşayış yerlərinin dəyəri nəzərə alınmadan aktivləri 1 milyon ABŞ dollarından çox olan şəxslər nəzərdə tutulur.

Ötən il qlobal miqyasda bütün dollar milyonçularının ümumi sərvəti 8,7% artaraq 98,3 trilyon dollara yüksəlib. Bu, son beş ildə qeydə alınan ən yüksək artım tempi hesab olunur.

Məlumatda bildirilir ki, ümumi qrup daxilində xalis sərvəti 30 milyon dollardan artıq olan ultra yüksək sərvətə malik şəxslər (ultra-HNWI) xüsusi yer tutur. Hazırda dünyada təxminən 250 min belə şəxs yaşayır ki, bu da ümumi milyonçuların təxminən 1%-ni təşkil edir. Buna baxmayaraq, onlar qlobal sərvətin 34,8%-nə nəzarət edirlər.

Son bir ildə ultra varlı şəxslərin sayı 9,4%, ümumi sərvətləri isə 9,7% artıb.

Regional göstəricilərə nəzər saldıqda, sərvətin ən sürətli artımı Asiya-Sakit Okean regionunda qeydə alınıb. Bu regionda yüksək sərvətə malik şəxslərin ümumi aktivləri 10,5% artaraq 29,7 trilyon dollara çatıb. Şimali Amerikada bu göstərici 9,9% artımla 32,9 trilyon dollar, Avropada isə 8% yüksələrək 20,5 trilyon dollar olub.

Latın Amerikasında varlı şəxslərin sərvəti 5,1% artaraq 9,6 trilyon dollara, Afrikada isə 7% yüksələrək 2,1 trilyon dollara çatıb. Yaxın Şərq regionu isə azalma qeydə alınan yeganə bölgə olub. Burada yüksək sərvətə malik şəxslərin aktivləri 1,5% azalaraq 3,5 trilyon dollara düşüb.

Dollar milyonçularının sayı baxımından da artım tendensiyası müşahidə olunub. Şimali Amerikada milyonçuların sayı 9,1% artaraq 9,2 milyona, Asiyada 9,4% yüksələrək 8,3 milyona, Avropada isə 6,5% artaraq 6,1 milyona çatıb.

Latın Amerikasında milyonçuların sayı 0,3% artımla 0,6 milyon, Afrikada isə 4,1% yüksəlişlə 0,2 milyon olub. Yaxın Şərqdə isə bu göstərici 1,4% azalaraq 0,9 milyona enib.

Hesabatda milyonçuların investisiya portfelində də dəyişikliklərin baş verdiyi vurğulanır. Belə ki, 2025-ci ildə onların sərvətinin 25%-i səhmlərdə saxlanılıb ki, bu da bir il əvvəlki 22%-lik göstəricidən yüksəkdir.

Nağd vəsait və nağd pul ekvivalentlərinin payı 26%, sabit gəlirli aktivlərin payı 20% təşkil edib. Daşınmaz əmlaka yatırımların payı dəyişməyərək 19% səviyyəsində qalıb. Alternativ investisiya alətlərinin payı isə 15%-dən 12%-ə qədər azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya üzrə milyonçuların sərvəti 98,3 trilyon dollara çatıb — Fins.az — Fins.az