Paytaxt Təhsilində Rekord Göstəricilər

Paytaxt Təhsilində Rekord Göstəricilər

DİGƏR
236

Fins.az - Paytaxt təhsili: tədris ilinin qısa xronikası

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2025–2026-cı tədris ilində təhsil islahatlarının məqsədlərinə və müasir dövrün tələblərinə uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün sistemli fəaliyyət həyata keçirilib. Tədris ili ərzində məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ və rəqəmsal həllərin tətbiqi, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətlərinin artırılması əsas prioritet istiqamətlər kimi müəyyən edilib. 

 

Ümumi statistika 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 712 təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki 371 ümumi təhsil müəssisəsində 530 988 şagirdin təlim-tərbiyəsi ilə 32 052 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 41 941, IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə 78 nəfər bitirib.

BŞTİ-nin tabeliyindəki 333 məktəbəqədər təhsil müəssisəsinə 37 401 uşaq cəlb olunub. Müəssisələrdə 4 153 tərbiyəçi-müəllim çalışır.

 

21 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

BŞTİ-nin tabeliyindəki 295 ümumi təhsil müəssisəsində 928 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.

 

46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

 

189 paytaxt məktəblisi olimpiadada qalib olub

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 189 paytaxt məktəblisi qalib olub.  

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 30 nəfər qızıl, 54 nəfər gümüş, 105 nəfər bürünc medal qazanıb. 

 

Məntiq Olimpiadasında 17 paytaxt məktəblisi fərqlənib

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 17 paytaxt məktəblisi qalib olub. Onlardan 1 nəfər qızıl, 7 nəfər gümüş, 9 nəfər isə bürünc medalın sahibi olub.

 

Beynəlxalq olimpiadalarda 16 medal

Paytaxt məktəbliləri tədris ili ərzində riyaziyyat, fizika, informatika, biologiya fənləri və elm və mühəndislik istiqaməti üzrə Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Özbəkistanda keçirilən beynəlxalq olimpiada və müsabiqələrdə ümumilikdə 6 gümüş, 10 bürünc medala layiq görülüblər.

 Qazaxıstanın Almatı şəhərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında fizika fənni üzrə Bakı şəhəri Texniki-Humanitar Liseyinin şagirdi Məhəmməd Cəfərli, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Raiq Babazadə gümüş medala, riyaziyyat fənni üzrə Bakı şəhəri 287 nömrəli “Zəkalar” Liseyinin şagirdi Fərhad İskəndər bürünc medala layiq görülüb. Qeyd edilən olimpiadanın informatika fənni üzrə isə Bakı Türk Anadolu Liseyinin şagirdi Əhməd Qəmbərli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Əkbər Əhmədov gümüş medala, 157 nömrəli tam orta məktəbin şagirdi Həsən Vəliyev və Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Fateh Əhmədzadə bürünc medala layiq görülüblər.

Özbəkistanda keçirilən İbn Sina (Avicenna) adına 2-ci Beynəlxalq Biologiya Olimpiadasında Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fidan Camallı və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Zivər Həsənova bürünc medal qazanıblar.

Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilən elm və mühəndislik müsabiqəsində Beynəlxalq Elm və Mühəndislik Sərgisində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli liseyin şagirdləri Banu İbrahimova və Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.

İsveçdə keçirilən Avropa Fizika Olimpiadası da (EuPhO) şagirdlərimiz üçün uğurlu olub. Belə ki, Bakı şəhəri Texniki-humanitar liseyin şagirdi Məhəmməd Cəfərli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Raiq Babazadə bürünc medal əldə ediblər.

Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında Bakı Avropa Liseyinin şagirdi Eldar İsmayılov gümüş, Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Gülay Əlizadə və Şamil Abbasov müvafiq olaraq gümüş və bürünc medal əldə ediblər.

 

17 000-dən çox şagird təmayül sinifdə təhsil alıb

BŞTİ-nin tabeliyindəki 194 təhsil müəssisəsində təşkil edilən 819 təmayül sinifdə 17 110 şagird təhsil alıb. 

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

 

65 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərib

Paytaxtdakı 65 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub. Təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. 

 

Yeni təmayül tədris modeli: təhsildə yeni yanaşma

Paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumi təhsil məktəblərində yeni təmayül tədris modeli tətbiq edilib. Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin X sinfinə ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər qəbul olunub. 

Qeyd edək ki, növbəti tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək.

Yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.

 

İcma əsaslı məktəbəqədər təhsil qruplarına 1 909 uşaq cəlb olunub

2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki 53 ümumi təhsil və 5 məktəbəqədər təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilib.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 116 icma əsaslı məktəbəqədər təhsil qrupuna 1 909 uşaq cəlb olunub. 

 

41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib

Bakı şəhəri üzrə ümumilikdə 267 şagird inklüziv təhsilə cəlb edilib. 

2025-2026-cı tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 11 məktəb (87, 88, 167, 166, 187, 109, 205, 212, 236, 247 və 279) əlavə olunub.

Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 41-ə çatdırılıb. 2025-2026-cı tədris ilində inklüziv siniflərə 122 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

 

827 şagird fərdi təhsil alıb

BŞTİ-nin tabeliyindəki 216 təhsil müəssisəsində 827 şagird fərdi təhsil alıb.

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır. 

 

İşə qəbul üzrə 3 mindən çox vakansiya təqdim olunub

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 3 032 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində tədris ili ərzində ümumilikdə 2 843 nəfər işə qəbul edilib.

Bunlardan:

·          802 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;

·          1 485 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;

·          292 nəfər optimallaşma nəticəsində (Qarabağ və Şərqi Zəngəzur regional təhsil İdarələrinin tabeliyində olan və fəailiyyəti dayandırılan məktəblərin müəllimlərinin yerləşdirilməsi);

·         264 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində.

 

Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 395 nəfər ixtisaslı kadr dəvət edilib.

 

402 nəfər ümumtəhsil müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib

BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə işə qəbul üzrə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 101 nəfər psixoloq, 92 nəfər laborant, 18 nəfər kitabxana müdiri, 46 nəfər kitabxanaçı, 41 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 37 nəfər təsərrüfat işləri üzrə direktor müavini 2025-2026-cı il ərzində işə təyin edilib.  Optimallaşma və digər səbəblər nəticəsində 9 nəfər direktor, 11 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə təyin olunub. Əlavə olaraq tədris ili ərzində 43 yeni direktor təyinat alıb.

 

196 nəfər məktəbəqədər müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib

İşə qəbul üzrə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 38 nəfər bağça müdiri, 43 nəfər təsərrüfat müdiri və 62 nəfər tərbiyəçi-müəllim BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində işlə təmin edilib. Həmçinin 53 nəfər tərbiyəçi-müəllim iş yerini dəyişdirilməsi müsabiqəsində uğur qazanaraq işə təyin edilib.

 

Təhsilverənlərin orta aylıq əmək haqqı

2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1109 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 583 manat təşkil edib.

 

Sertifikatlaşdırma prosesi

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş) sertifikatlaşdırılması həyata keçiriləcək.

Qeyd olunan fənlər üzrə 4 453 müəllimə sertifikasiyada iştirak üçün müvafiq sistem üzərindən dəvət göndərilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq sertifikasiyada uğur qazanan müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.

 

Ümumi təhsil müəssisələrində monitorinqlər təşkil edilib

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində monitorinqlər həyata keçirilib.

Monitorinqlərin məqsədi ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin aparılması, əmək və təhsil qanunvericiliyinin tələblərinə əməl olunması, əmək və icra intizamının təmin edilməsi, sənədləşmə işlərinin təşkili, eləcə də təchizat və təsərrüfat fəaliyyətinin mövcud durumunun qiymətləndirilməsi, məlumatların toplanılması və təhlilindən ibarət olub. Əldə edilmiş nəticələr əsasında çatışmazlıqların aradan qaldırılması və fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

 

5 000 minə yaxın şagird beynəlxalq qiymətləndirmələrlə bağlı fəaliyyətlərə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 108 ümumi təhsil müəssisəsində PİSA, PIRLS və TİMSS beynəlxalq qiymətləndirmələrində iştirakla bağlı müvafiq hazırlıq və nəzarət tədbirləri həyata keçirilib. 4982 şagird hazırlıq tədbirləri çərçivəsində qiymətləndirmələrə cəlb olunub.

Azərbaycan bu qiymətləndirmə dövründə ilk dəfə ePIRLS komponentində iştirak edib. Tədqiqat çərçivəsində şagirdlər kompüter əsaslı qiymətləndirməyə cəlb olunublar. ePIRLS şagirdlərin onlayn mühitdə məlumat axtarmaq, əldə etdikləri məlumatları əlaqələndirmək, təhlil etmək və onlardan səmərəli istifadə etmək bacarıqlarını qiymətləndirir. Bununla yanaşı, şagirdlər oxu savadlılığı üzrə test tapşırıqlarını yerinə yetirib, həmçinin onların təhsil və sosial mühitinə dair sorğu suallarını cavablandırıblar.

Fəaliyyətlər şagirdlərin qiymətləndirmə prosesinə hazır olma səviyyəsinin, təlim mühitinin və texniki infrastrukturun vəziyyətinin, tədris proqramlarının tətbiqində beynəlxalq qiymətləndirmə tələblərinə uyğunluğun, məktəb rəhbərliyi və pedaqoji heyətin məlumatlılıq səviyyəsinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və müvafiq istiqamətlər üzrə zəruri dəstək tədbirlərinin görülməsi məqsədinə xidmət edib.

 

Bakı məktəbləri üçün “Rəqəmsal məktəb” platforması istifadəyə verilib

2025-2026-cı tədris ilində Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində milli onlayn “Rəqəmsal məktəb” təhsil platformasının tətbiqinə başlanılıb.

Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin edən platforma tədris və idarəetmə proseslərinin təkmilləşdirilməsi, həmçinin təhsildə şəffaflığın artırılması məqsədilə istifadəyə verilib.

Platformada şagird, valideyn, müəllim və məktəb rəhbərləri üçün fərdi kabinetlər yaradılıb, hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun funksional imkanlar təqdim edilib.

Tədris ili ərzində platformanın tətbiqi müsbət nəticələr verib, təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Yeni tədris ilindən etibarən isə “Rəqəmsal məktəb” layihəsinin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

 

Paytaxt məktəblərində elektron jurnallar tətbiq olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilindən etibarən elektron jurnalların tətbiqinə başlanılıb. Bu proses "Rəqəmsal məktəb" platforması üzərindən aparılıb.

Elektron jurnalların tətbiq edilməsinin əsas məqsədi qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarətdir.

 

 Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunub

Bakı şəhəri üzrə 99 minə yaxın şagird IV və VI siniflərin monitorinqlərində iştirak edib.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.

BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 7 344 şagird kompüter əsaslı monitorinqdə iştirak edib.

 

Valideyn konfransları keçirilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə valideyn konfransları keçirilib.

Konfraslarda iştirakçılarla müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunan konfransların keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

 

90 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb

BŞTİ-nin tabeliyindəki 90 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirilib. Təlim-tərbiyə  prosesinin  təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və məktəbəqədər təhsil qanunvericiliyinin tələblərinin icra vəziyyəti, həmçinin ehtiyacların müəyyən edilməsi məqsədilə keçirilən monitorinqlərdə heyətin nizam-intizamı, qrupların komplektləşdirilməsinin məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə uyğunluğu, tərbiyəçi-müəllimlərin iş planları və məşğələ cədvəllərinin, tədris resurslarının mövcudluğu, təhlükəsizlik qaydalarına riayət məsələləri yoxlanılıb.

 

6 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 6 şagirdi buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərib.

Belə ki, BŞTİ-nin tabeliyindəki “Zəngi” liseyinin şagirdi Muhammedali Qurbanov, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri Bəxtiyar Həsənli və Rafiq Vəlizadə, Humanitar fənlər təmayüllü liseyin şagirdləri Nəslihan Məmmədli, Zəhra Xammədova, 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Zəhra Zərbəliyeva 300 bal toplayıblar.

   

Eksternat imtahanlarında 1 282 nəfər uğur qazanıb

Əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan eksternat imtahanlarının ilk mərhələsində hər iki səviyyə üzrə ümumilikdə 1 282 nəfər müsbət nəticə əldə edib.

Qeyd edək ki, paytaxt üzrə eksternat imtahanları cari tədris ilində ilk dəfə elektron qaydada keçirilib.

 

Bakıdakı 71 təhsil müəssisəsində Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri fəaliyyət göstərir

Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri BŞTİ-nin tabeliyindəki 71 təhsil müəssisəsini və  170 000 şagirdi əhatə edir. Hazırda həmin müəssisələrdə İdarənin 230 əməkdaşı çalışır.

Tədris ili ərzində uşaqların müdafiəsi və təhlükəsizliyinin təmin olunmasına dair fəaliyyət çərçivəsində şagirdlərin sosial-emosional vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sağlamlıq mövzularına dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.

Fəaliyyətin məqsədi müəllim və şagirdlər üçün məktəblərdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.

 

BŞTİ tərəfindən 22 layihə və müsabiqə həyata keçirilib

BŞTİ tərəfindən tədris ili ərzində təhsil müəssisələrində 22 layihə və müsabiqə həyata keçirilib.

Layihə və müsabiqələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

 

Paytaxt üzrə 71 qrant layihə

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində paytaxt üzrə 71 layihə qalib olub.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

 

Şagirdlər Heydər Əliyev irsini öyrənib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” ilə bağlı dərslər keçirilib.

Ümumi təhsil məktəbləri ilə yanaşı, Yeni Azərbaycan Partiyası rayon təşkilatları ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin inzibati rayonları üzrə Heydər Əliyev Mərkəzlərində və Yeni Azərbaycan Partiyası rayon təşkilatlarında keçirilən dərslərdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və görkəmli ziyalılar iştirak edib.

 

STEAM layihəsi paytaxt üzrə 211 minə yaxın şagirdi əhatə edib

BŞTİ-nin tabeliyindəki 227 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 812 sinif üzrə 211 minə yaxın şagirdi əhatə edib.

Layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 185 şagird fərqlənib. Onlardan 30 nəfər I, 54  nəfər II, 47 nəfər III yerə layiq görülüb. 54  şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. 

 

308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.

Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 10 119 sinif üzrə 271 644 şagirdi əhatə edib. Layihə çərçivəsində 2 961 müəllim müvafiq təlimlərdən keçib.

 

“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub

İstedadlı şagirdlərlə aparılan işlərin sistemləşdirilməsi məqsədilə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”lar fəaliyyət göstərib.

“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Həmçinin paytaxtın inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə “Kiçik Akademiya”ların hesabat konfransları baş tutub.

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

 

Paytaxt məktəbliləri idman yarışlarında 4 063 medal qazanıb

Tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1 556 qızıl, 987 gümüş, 884 bürünc olmaqla, ümumilikdə 3 427 medal əldə ediblər. 

Bundan əlavə, İdarənin tabeliyində fəaliyyət göstərən 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin üzvləri 2025-2026-cı tədris ili ərzində 48 yerli yarışda iştirak edərək 568 medal, (186 qızıl, 151 gümüş, 231 bürünc), 34 beynəlxalq yarışda iştirak edərək 68 medal (13 qızıl, 14 gümüş, 41 bürünc) qazanıb.

 

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

 

 Paytaxt məktəbliləri üçün maarifləndirici tədbirlər və ekskursiyalar

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, hüquqi maarifləndirmə, peşə seçimi, İKT sahəsində savadlılığın artırılması, reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirici tədbirlər keçirilib.

Eyni zamanda, təqvim ili ərzində 30 000-dən çox şagirdin “Bilim Bakı” Mərkəzinə, həmçinin STEAM İnnovasiyalar Mərkəzinə, Dövlət Bayrağı Muzeyinə ekskursiyaları təşkil olunub.

 

Məktəbdənkənar müəssisələr tərəfindən 700-dən çox tədbir keçirilib

Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki məktəbdənkənar təhsil müəssisələri tərəfindən 700-dən artıq konsert, sərgi və festival keçirilib.

Həmçinin uşaq-gənclər inkişaf mərkəzlərinin 1 901 üzvü 300-dən çox yaradıcılıq istiqamətli yerli və beynəlxalq yarışlarda iştirak edib. Onlardan 682 nəfəri I, II, III yerlərin qalibi olub, mükafatlara layiq görülüblər.

 

Təmir, tikinti, təchizat

2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

4 məktəb (59, 151, 313, 324) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq şagirdlərin istifadəsinə verilib.

2 məktəbəqədər təhsil müəssisəsi (101, 328) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb, 1 körpələr evi-uşaq bağçası (351) isə inşa olunaraq istifadəyə verilib.

Bununla yanaşı, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 1 uşaq bağçasının (352 nömrəli uşaq bağçası) əsaslı təmiri davam edir.

 

354 nəfər təhsil işçisi təltif edilib

Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan 354 nəfər təhsil işçisi təltif edilib.

Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil işçisi “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” və 92 təhsil işçisi BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif olunub.

Eyni zamanda BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 216 nəfər məktəb rəhbəri (42 direktor, 118 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 55 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 1 nəfər xidmət və əməliyyat mərkəzinin aparıcı mühasibi) Fəxri Fərman və hədiyyələrlə təltif olunub.

Təhsil sahəsində çalışan 19 nəfər Zəfər Günü ilə bağlı mükafatlandırılıb.

 

109 mindən çox müraciət daxil olub

2025-2026-cı tədris ili ərzində BŞTİ-yə 109 878 müraciət daxil olub.

Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 63 754 zəng daxil olub.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 2 730 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 18 377 müraciət daxil olub.

İl ərzində BŞTİ-yə 25 017 sənəd (vətəndaşlar tərəfindən 6 141 ərizə, 4 013 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 956, digər qurumlardan 2 782, tabelikdə olan təhsil müəssisələrindən 5 153 məktub və 2 972 kadr ərizəsi) daxil olub.

 

İctimaiyyətlə əlaqələr genişləndirilir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətindəki işlər 2025-2026-cı tədris ilində də müvafiq qaydada yerinə yetirilib.

BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan 750-yə yaxın sorğu cavablandırılıb.

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq islahatlar və yeniliklər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanın təmin olunmasına dair görüşlər keçirilib.

İctimai maraq doğuran şəxslərlə şagirdlərin görüşləri təşkil olunub, paytaxt məktəblərinin uğurlarının geniş auditoriyada yayımlanması ilə bağlı layihələr həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...