
Yeni enerji sistemi Avropaya əlavə təchizat təmin edəcək - Nazir müavini
Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin əlavə enerji təchizatı ilə təmin olunması gözlənilən Xəzər–Qara dəniz–Avropa enerji sistemi layihəsinin texniki-iqtisadi əsaslandırmasının yaxın gələcəkdə tamamlanması planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, hazırda Orta Asiya, Cənubi Qafqaz, Türkiyə vasitəsilə Yaxın Şərq və Qara dəniz regionundan Avropaya qədər uzanan məkan vahid geosiyasi və enerji bağlantıları sisteminə çevrilir və Azərbaycan bu prosesdə körpü rolunu oynayır.
Orxan Zeynalov qeyd edib ki, son qlobal enerji böhranı Orta Dəhlizin və Azərbaycan ilə Orta Asiyadan keçən enerji marşrutlarının qlobal və regional enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirib.
Nazir müavini bildirib ki, Azərbaycan hazırda Mərkəzi Asiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan kimi tərəfdaş ölkələrlə bir sıra qarşılıqlı enerji layihələri üzərində işləyir və bu layihələrin bir hissəsi artıq inkişaf mərhələsindədir.
O, xüsusilə Xəzər–Qara dəniz–Avropa enerji sistemi layihəsinə diqqət çəkərək qeyd edib ki, layihənin texniki-iqtisadi əsaslandırmasının tezliklə başa çatdırılması planlaşdırılır.
Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırma layihənin iqtisadi və texniki səmərəliliyini təsdiqləsə də, növbəti mərhələdə kommersiya və tənzimləyici məsələlərin həlli, eləcə də şəbəkə təhlükəsizliyi və enerji sisteminin dayanıqlığının təmin olunması tələb olunur.
Orxan Zeynalov vurğulayıb ki, növbəti mərhələdə layihənin kommersiya baxımından məqsədəuyğunluğu qiymətləndiriləcək, iştirakçı ölkələr üçün iqtisadi faydalar və Avropada elektrik enerjisi qiymətlərinə potensial təsir analiz ediləcək.
Nazir müavini əlavə edib ki, layihənin reallaşması Avropada son istifadəçi qiymətlərinə müsbət təsir göstərə bilər.