
Yanvar ayında Azərbaycandan Suriyaya 100,266 milyon kubmetr təbii qaz ixrac olunub
Fins.az - 2026-cı ilin yanvar ayında Azərbaycandan Suriya Ərəb Respublikasına 33,504 milyon ABŞ dolları dəyərində 100,266 milyon kubmetr təbii qaz ixrac olunub. Qazın nəqli Türkiyə üzərindən həyata keçirilib.
Xatırladaq ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri zamanı SOCAR ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb və avqustun 2-dən etibarən ixrac prosesi başlayıb.
Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200–1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Ümumilikdə, 2026-cı ilin yanvar ayında Azərbaycan 687,506 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 21%, həcm baxımından isə 2% azalma deməkdir.