
WUF13: Bakıda şəhərsalma və dekolonizasiya üzrə beynəlxalq konfrans keçiriləcək
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 20-də “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Fins.az xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalacaq.
Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunacaq. Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri, o cümlədən gənc tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, səhiyyə sahəsi üzrə peşəkarlar, siyasi partiya və təşkilat nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndələr iştirak edəcək.
Müzakirələr zamanı kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi və beynəlxalq həmrəyliyin effektiv platformalara çevrilməsi məsələləri gündəmdə olacaq.
Eyni zamanda gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi də müzakirə ediləcək.
Qeyd edək ki, mayın 19-da WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupu tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusunda ayrıca tədbir də təşkil olunacaq. Həmin tədbirdə müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirləri, urbanizasiya proseslərində yaranan struktur bərabərsizliklər və mənzil təminatı sahəsində çağırışlar müzakirə ediləcək.