
SOCAR–SLB əməkdaşlığı “Bahar”da yeni texnoloji mərhələ yaradır
Fins.az - SLB korporasiyasının İnteqrasiya üzrə Baş vitse-prezidenti Gökhan Yarım Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, “Bahar” layihəsi şirkət üçün strateji flaqman enerji aktivlərindən biridir və ilkin mərhələdən etibarən tam rəqəmsal yanaşma ilə dizayn edilib.
Onun sözlərinə görə, layihədə lay süxurlarından başlayaraq hasilat boru kəmərlərinə qədər bütün proseslər rəqəmsal texnologiyalar vasitəsilə izlənilə və idarə oluna bilir. Bu yanaşma hasilatın daha səmərəli və dəqiq planlaşdırılmasına imkan yaradır.
Layihə çərçivəsində ən müasir seysmik tədqiqat texnologiyaları və süni intellekt alətləri tətbiq olunaraq müxtəlif layların müəyyənləşdirilməsi həyata keçirilib. Bu isə qazma quyularının planlaşdırılması və yerləşdirilməsi prosesində mühüm rol oynayıb.
G. Yarım qeyd edib ki, layihədə maili və horizontal quyuların qazılması, eləcə də uyğun tamamlanma texnologiyalarının seçilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız ayrı-ayrı quyuların deyil, ümumilikdə yatağın bütün həyat dövrünün optimallaşdırılmasına xidmət edir.
SLB rəsmisi vurğulayıb ki, əsas məqsəd yatağın maksimum bərpa əmsalı ilə işlənməsini təmin etməkdir. Eyni zamanda ikinci və üçüncü mərhələ bərpa potensialı da nəzərə alınır.
O əlavə edib ki, “Bahar” layihəsi SOCAR-ın yerli təcrübəsi ilə SLB-nin qlobal texnoloji imkanlarının birləşməsinin uğurlu nümunəsidir və bu əməkdaşlıq Azərbaycanın enerji sektorunun rəqəmsal transformasiyasına mühüm töhfə verir.