
"SOCAR Türkiyə" və "Pegasus Airlines" ekoloji aviasiya yanacağı üzrə əməkdaşlığa başlayır
Fins.az – "SOCAR Türkiyə" və "Pegasus Airlines" ekoloji aviasiya yanacağı (SAF) sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
"SOCAR Türkiyə"nin yaydığı məlumata görə, saziş Türkiyənin aviasiya sektorunda enerji keçidinin və karbonsuzlaşdırma prosesinin dəstəklənməsinə xidmət edir.
Sənədə əsasən, tərəflər Türkiyədə ekoloji aviasiya yanacağına tələbatın müəyyənləşdirilməsi, bu sahədə dəyər zəncirinin inkişafı üçün texniki-iqtisadi araşdırmaların aparılması, biznesin inkişafı və maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi, eləcə də Türkiyə və digər bazarlarda dayanıqlı aviasiya yanacağı üzrə əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Bildirilib ki, tərəfdaşlar ekoloji aviasiya yanacağının istehsalı və istifadəsinə hazırlıq səviyyəsini qiymətləndirmək məqsədilə yüksək səviyyəli rəhbərlərdən ibarət birgə işçi qrupunun yaradılmasını da planlaşdırırlar. Bu təşəbbüsün Türkiyədə dayanıqlı aviasiya ekosisteminin inkişafına və aviasiya sektorunda karbon emissiyalarının azaldılmasına töhfə verəcəyi gözlənilir.
Məlumata görə, Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qruplarından biri olan "SOCAR Türkiyə" ekoloji aviasiya yanacağının istehsalı, tədarük zəncirlərinin inkişafı və texnoloji tərəfdaşlıqlar istiqamətində fəaliyyətini davam etdirir. "Pegasus Airlines" isə bazar tələbatının qiymətləndirilməsi və ekoloji aviasiya yanacağının aviasiya yanacağı tədarük zəncirində səmərəli tətbiqinə dəstək vermək üçün öz əməliyyat təcrübəsindən istifadə etməyi planlaşdırır.
"Ekoloji aviasiya yanacağı aviasiya sənayesinin karbon izinin azaldılmasında mühüm rol oynayır və biz bu sahədə güclü, uzaqgörən tərəfdaşlarla əməkdaşlığa böyük önəm veririk. "Pegasus" ilə imzaladığımız saziş Türkiyənin ekoloji aviasiya yanacağı sahəsində potensialının qiymətləndirilməsi və gələcək əməkdaşlığın inkişafı istiqamətində mühüm addımdır. Əminik ki, bu proses həm sənayemizə, həm də bütövlükdə ölkəyə fayda verəcək", – deyə "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov bildirib.
"Pegasus Airlines"ın baş icraçı direktoru Güliz Öztürk isə qeyd edib ki, dayanıqlı həllər aviasiya sənayesinin gələcəyinin əsasını təşkil edir. Onun sözlərinə görə, aviaşirkət 2022-ci ildən etibarən ekoloji aviasiya yanacağından istifadəni ardıcıl şəkildə davam etdirir.
""SOCAR Türkiyə" ilə imzaladığımız saziş bizə ekoloji aviasiya yanacağı sahəsində ekspertizamızı daha da dərinləşdirməyə, eyni zamanda Türkiyədə bu ekosistemin inkişafına töhfə verməyə imkan yaradacaq. Biz bu əməkdaşlığı sənayenin tələbatını daha yaxşı anlamağa və gələcəyin ekoloji təmiz aviasiyasının inkişafı üçün yeni imkanlar açmağa kömək edəcək strateji addım kimi qiymətləndiririk", – deyə Güliz Öztürk vurğulayıb.