
SOCAR rəqəmsal və hesablama texnologiyalarına transformasiya olunur – Fariz Cəfərov
Azərbaycan özünü enerji təchizatçısı olmaqla yanaşı, iri data-mərkəzlərin və texnologiya şirkətlərinin yerləşdirilməsi üçün regional platforma kimi mövqeləndirə bilər.
Fins.az xəbər verir ki, bu fikirləri Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, texnoloji dəyişikliklərin tempi əvvəlki sənaye inqilabları ilə müqayisədə daha sürətlidir və bu proses süni intellekt, avtomatlaşdırma və virtual reallıq texnologiyalarının inkişafı ilə daha da güclənir.
F.Cəfərov qeyd edib ki, müasir dövrdə iqtisadiyyatlar yalnız ümumi daxili məhsulla (ÜDM) deyil, həm də məlumatların inkişaf səviyyəsi və rəqəmsal bağlılıq göstəriciləri ilə qiymətləndirilir. Onun sözlərinə görə, bu yanaşma “ümumi məlumat məhsulu” konsepsiyası kimi xarakterizə edilə bilər.
O bildirib ki, süni intellekt iqtisadiyyatının həcmi 2040-cı ilədək təxminən 22 trilyon dollara çata bilər. Müqayisə üçün, 2025-ci ildə bu göstərici təxminən 260 milyard dollar səviyyəsində qiymətləndirilir.
Microsoft, Amazon, Google, Meta və Oracle kimi qlobal texnologiya şirkətlərinin data-mərkəz infrastrukturuna böyük həcmdə investisiyalar yönəltməsi də çıxışda diqqətə çatdırılıb. Bildirilib ki, bu şirkətlər yalnız cari ildə data-mərkəzlərə təxminən 600 milyard dollar sərmayə yatıra bilər.
F.Cəfərov Beynəlxalq Enerji Agentliyinin proqnozlarına istinadən qeyd edib ki, data-mərkəzlərin enerji istehlakı 2030-cu ilə qədər iki dəfədən çox arta bilər və bu göstərici Yaponiyanın ümumi enerji istehlakı ilə müqayisə oluna biləcək səviyyəyə çata bilər.
Onun sözlərinə görə, süni intellekt iqtisadiyyatının inkişafında əsas məhdudlaşdırıcı faktor ideya çatışmazlığı deyil, enerji resurslarına çıxışdır.
İcraçı direktor əlavə edib ki, Azərbaycanda 2026–2029-cu illəri əhatə edən rəqəmsal iqtisadiyyat strategiyası hazırlanıb və bu çərçivədə 300-dən çox yerli şirkət və KOB-ların dəstəklənməsi nəzərdə tutulur.
F.Cəfərov vurğulayıb ki, rəqəmsal transformasiya yalnız texnologiya tətbiqi deyil, eyni zamanda biznes proseslərinin və düşüncə tərzinin dəyişməsini, eləcə də insan kapitalına və infrastruktur investisiyalarını əhatə edir.
O həmçinin qeyd edib ki, SOCAR “Haimaker” və Oracle ilə Azərbaycanda data-mərkəzlərin yaradılması üzrə sazişlər imzalayıb və şirkətin tədricən enerji sektorundan rəqəmsal və hesablama texnologiyaları istiqamətinə transformasiya olunduğu bildirilir.
Çıxışda Azərbaycanın Avropa və Asiyanı birləşdirəcək Trans-Xəzər fiber-optik kabel layihəsi də rəqəmsal infrastrukturun mühüm elementi kimi xüsusi vurğulanıb.