SOCAR BTC üzrə operatorluğu rəsmən bp-dən təhvil aldı

SOCAR BTC üzrə operatorluğu rəsmən bp-dən təhvil aldı

BİZNES
385

Fins.az – İyulun 2-də Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin istismarının 20 illiyi, həmçinin BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.

SOCAR-ın yaydığı məlumata görə, tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli son 20 il ərzində BTC layihəsinin uğurlarından, onun beynəlxalq əhəmiyyətindən və bp-nin operator kimi fəaliyyətindən danışıb. O, SOCAR-ın boru kəmərinin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat mükəmməlliyi üzrə mövcud yüksək standartları uğurla davam etdirəcəyinə əminliyini ifadə edib, tərəflər arasında uzunmüddətli əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyini bildirib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biridir. Onun sözlərinə görə, BTC Xəzər regionunu Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi yaradaraq Xəzər enerji resurslarının beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişdirib.

Rövşən Nəcəf vurğulayıb ki, BTC üzrə operatorluğun, eləcə də BTC və CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a keçməsi Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələdir və bu addım şirkətin 30 ildən artıq müddətdə formalaşdırdığı zəngin əməliyyat təcrübəsi və peşəkar potensialının göstəricisidir.

İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, son 20 ildə BTC layihəsi Azərbaycanın enerji sektorunun inkişafına, ölkənin dayanıqlı iqtisadi tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verib. O qeyd edib ki, operatorluğun SOCAR-a keçməsi uzun illər ərzində beynəlxalq tərəfdaşlıq çərçivəsində formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi nəticəsidir.

Energetika nazirinin müavini Kamal Abbasov isə vurğulayıb ki, BTC təkcə nəql olunan neft həcmləri ilə deyil, həm də region ölkələri, şirkətlər və xalqlar arasında formalaşdırdığı etimad, əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq münasibətləri ilə strateji əhəmiyyət daşıyır.

bp-nin Boru kəmərləri əməliyyatları üzrə meneceri Elxan Sultanov çıxışında BTC layihəsinin ilk mərhələlərindən bu prosesdə iştirak etdiyini xatırladaraq, operatorluğun SOCAR-a keçdiyi yeni dövrdə də layihənin uğurlu fəaliyyətinə töhfə verməkdən məmnun olduğunu bildirib. O, boru kəmərinin təhlükəsiz, etibarlı və səmərəli istismarının əsas prioritet olaraq qalacağını vurğulayıb.

Tədbirin sonunda SOCAR prezidenti Rövşən Nəcəf və bp-nin regional prezidenti Cio Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a keçməsini simvolizə edən rəmzi idarəetmə düyməsini sıxıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR BTC üzrə operatorluğu rəsmən bp-dən təhvil aldı — Fins.az — Fins.az