
SOCAR və Apollo TANAP üzrə strateji əməkdaşlığı rəsmiləşdirib
Amerikanın investisiya nəhəngi "Apollo Global Management" Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üzrə SOCAR-la imzalanmış sazişin bəzi detalları ilə bağlı məlumat yayıb.
Fins.az xəbər verir ki, şirkətin açıqlamasına əsasən, "Apollo Funds" Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan TANAP-da SOCAR-a məxsus payı saxlayan törəmə quruma 1 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Məlumatda qeyd olunub ki, bu sövdələşmə "Apollo"nun Avropanın enerji infrastrukturuna yönəltdiyi növbəti iri investisiyadır. Şirkət son bir ildə Böyük Britaniyada külək və nüvə enerjisi layihələrinə, Almaniyada elektrik şəbəkələrinin genişləndirilməsinə, eləcə də Cənubi Avropa ölkələrində qaz nəqli aktivlərinə daxil olmaqla Avropanın enerji sektoruna 16 milyard ABŞ dollarından çox vəsait yatırıb.
Qeyd edək ki, 2026-cı il Bakı Enerji Həftəsi çərçivəsində SOCAR və Apollo arasında TANAP layihəsi üzrə strateji əməkdaşlıq sazişi imzalanıb.
Razılaşmaya əsasən, Apollo TANAP-da "SOCAR Türkiye"yə məxsus 7 faizlik paya sahib olan holdinq şirkətində azlıq təşkil edən və nəzarət hüququ verməyən pay əldə edib. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və Apollo-nun idarəedici direktoru Conatan Barr imzalayıblar.
Tərəflər eyni zamanda enerji maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu da imzalayıblar. Memorandum TANAP üzrə mövcud maliyyələşdirmənin 300 milyon ABŞ dollarınadək artırılmasını, həmçinin SOCAR qrupunun digər aktivlərinin maliyyələşdirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur.
Məlumata görə, sövdələşmə Avropada enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işlər fonunda beynəlxalq investorların strateji qaz nəqli infrastrukturlarına marağının artdığını nümayiş etdirir.
Apollo-nun TANAP-la bağlı əvvəlki investisiyası 2025-ci ildə həyata keçirilib. Həmin ilin mart ayında bp və Apollo arasında əldə olunmuş razılaşmaya əsasən, Apollo TANAP-da 12 faizlik paya sahib olan "BP Pipelines (TANAP) Ltd." şirkətində 25 faizlik, nəzarət hüququ verməyən pay əldə edib.
Təxminən 1 milyard ABŞ dolları dəyərində olan həmin sövdələşmə bp-nin aktivlərin satışı proqramının tərkib hissəsi olub. Bununla yanaşı, bp TANAP üzərində idarəetmə və strateji maraqlarını qoruyub saxlayıb.
TANAP layihəsi Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan–Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini təmin edir. Qaz kəmərinin tikintisinin ümumi dəyəri 7 milyard ABŞ dollarından az olub.
Layihə üzrə ötürücülük gücünün ildə 24 milyard kubmetrə çatdırılması üçün əlavə kompressor stansiyalarının tikintisi tələb olunur. Nəzərdə tutulan 31 milyard kubmetrlik maksimum gücə çatmaq üçün isə ümumilikdə yeddi kompressor stansiyasının istismara verilməsi planlaşdırılır.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin birinci rübündə TANAP vasitəsilə Türkiyəyə 1,5 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bu göstərici ötən ilin eyni dövründə 1,4 milyard kubmetr təşkil edib. Beləliklə, bu marşrut üzrə qaz ixracı illik müqayisədə 7,1 faiz artıb.
Apollo-nun TANAP-la əlaqəli struktura əlavə 1 milyard ABŞ dolları investisiya yatırması beynəlxalq maliyyə bazarlarının Cənub Qaz Dəhlizinə olan etimadının göstəricisi kimi qiymətləndirilir.
Mütəxəssislərin qənaətinə görə, Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi istiqamətində səylərini artırdığı bir dövrdə TANAP uzunmüddətli müqavilələr və sabit tələbatla təmin olunmuş mühüm enerji infrastrukturu layihələrindən biri olaraq qalır.
Saziş həmçinin göstərir ki, qlobal enerji keçidi prosesinə baxmayaraq, iri institusional investorlar qaz nəqli infrastrukturunu hələ də cəlbedici investisiya istiqaməti hesab edirlər. Apollo-nun həm bp, həm də SOCAR strukturlarına yatırdığı vəsaitlər beynəlxalq kapitalın Cənub Qaz Dəhlizini uzunmüddətli və proqnozlaşdırılan gəlir mənbəyi kimi dəyərləndirdiyini nümayiş etdirir.
SOCAR üçün bu razılaşma əsas xarici aktivlərdən biri üzərində nəzarəti qorumaqla əlavə kapital cəlb etmək imkanı yaradır. Aktivin özünün deyil, holdinq strukturundakı azlıq payının satılması layihə üzərində strateji təsirin saxlanılmasına şərait yaradır.
Razılaşmanın imzalanması Azərbaycan və Avropa İttifaqı arasında qaz tədarükünün artırılması imkanlarının müzakirə olunduğu dövrə təsadüf edir. Bu baxımdan TANAP-ın ötürücülük qabiliyyətinin genişləndirilməsi enerji əməkdaşlığının əsas istiqamətlərindən biri hesab olunur.
Hazırda TANAP layihəsi mövcud 16 milyard kubmetrlik ötürücülük gücündən 24 milyard, daha sonra isə 31 milyard kubmetrlik mərhələyə keçidə hazırlaşır. Bunun üçün kompressor stansiyalarına və əlaqəli infrastruktura əhəmiyyətli həcmdə investisiyaların yönəldilməsi tələb olunur.
Beləliklə, Apollo-nun TANAP-la bağlı bp və SOCAR strukturlarına yatırdığı investisiyaların ümumi həcmi artıq təxminən 2 milyard ABŞ dollarına çatıb. Bu göstərici dünyanın aparıcı investisiya fondlarından birinin Cənub Qaz Dəhlizini uzunmüddətli strateji əhəmiyyətə malik ümumavropa enerji infrastrukturu kimi qiymətləndirdiyini göstərir.