“Shah Deniz Compression” layihəsi 2,9 milyard ABŞ dolları həcmində investisiyanı əhatə edir - bp

“Shah Deniz Compression” layihəsi 2,9 milyard ABŞ dolları həcmində investisiyanı əhatə edir - bp

BİZNES
710

bp şirkəti “Shah Deniz Compression” (Şahdəniz Kompressiya) layihəsi çərçivəsində üst modulların və dayaq blokunun tikintisini davam etdirir.

Fins.az xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasında çıxışı zamanı bildirib.

S.Şou qeyd edib ki, layihənin əsas məqsədi Şahdəniz yatağında laylardan maksimum qazvermə əmsalına nail olmaqdır:

“Növbəti əsas addımımız Şahdəniz Kompressiya (ŞDK) layihəsidir. Layihə üzrə yekun investisiya qərarını ötən ilin iyun ayında qəbul etdik və operativ şəkildə işə başladıq. Məqsədimiz aşağı təzyiqli qaz ehtiyatlarına çıxışı təmin etmək və yatağın məhsuldar istismar müddətini uzatmaqdır.”

O əlavə edib ki, ŞDK layihəsi 2,9 milyard ABŞ dolları həcmində investisiyanı əhatə edir:

"Bu investisiya təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barel kondensat hasil etməyə imkan verəcək. Əks halda, bu həcmlər əlçatmaz olaraq qalardı. Layihə həm regionun, həm də Avropanın enerji təhlükəsizliyini daha da gücləndirəcək. O, elektrik enerjisi ilə işləyən kompressiya qurğularına malik dəniz platformasının tikintisini və istismarını nəzərdə tutur və Şahdəniz Alfa və Bravo platformaları, eləcə də Səngəçal terminalı üzərində aparılacaq işləri də əhatə edir.”

S.Şou vurğulayıb ki, layihə gələcəyə uyğun olaraq dizayn edilib:

“Platforma tam elektriklə işləyəcək və daimi heyət olmadan məsafədən idarə olunacaq. ŞDK həmçinin Şahdəniz Bravo platformasının və yataqdakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçməsini mümkün edəcək. Yekun investisiya qərarından sonra bir sıra iri müqavilələr imzalanıb və hazırda üst modulların və dayaq blokunun tikintisi davam edir. Bu işlərdə yerli istehsal və resurslardan geniş istifadə olunur. Platformanın tikintisinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır; Şahdəniz Alfa platforması həmin il, Şahdəniz Bravo isə 2030-cu ildə aşağı təzyiqli qazı qəbul edəcək.”

O həmçinin xatırladıb ki, layihə təxminən 2,9 milyard dollar investisiyanı nəzərdə tutur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Shah Deniz Compression” layihəsi 2,9 milyard ABŞ dolları həcmində investisiyanı əhatə edir - bp — Fins.az — Fins.az