
“Sea Breeze” layihəsində 30 milyon kvadratmetrdən çox tikinti planlaşdırılır
Xəzər dənizi sahilində həyata keçirilən “Sea Breeze” layihəsi “şəhər daxilində şəhər” konsepsiyası əsasında formalaşdırılan iri urbanizasiya və yaşayış modeli kimi inkişaf etdirilir.
Fins.az xəbər verir ki, bu barədə “Sea Breeze”in Satış və İnvestisiya direktoru Ena-Kameliya Məlikova Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində təşkil olunan “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırda layihədə 50 mindən çox sakin yaşayır və gələcək master-plan üzrə ərazidə təxminən yarım milyon nəfərin məskunlaşması nəzərdə tutulur.
Ena-Kameliya Məlikova bildirib ki, layihə artıq konseptual mərhələni geridə qoyaraq real urban inkişaf modelinə çevrilib. O qeyd edib ki, hazırda 4 milyondan çox kvadratmetr ərazidə inkişaf işləri həyata keçirilib və layihə son 5–6 ildə sürətlə genişlənib.
“Sea Breeze”in ilkin mərhələdə Xəzər sahili boyunca 7 kilometrlik hissədə başladığını deyən şirkət rəsmisi əlavə edib ki, yekunda layihə 22–23 kilometrlik sahil zolağını əhatə edəcək.
Layihə çərçivəsində yaşayış binaları, hotellər, kommersiya obyektləri və müxtəlif infrastruktur elementlərini əhatə edən 30 milyon kvadratmetrdən çox tikinti sahəsinin yaradılması planlaşdırılır.
Ena-Kameliya Məlikovanın sözlərinə görə, layihənin ilk mərhələsi “Shorehouse” adlı kiçik hotel və restoran kompleksi ilə başlayıb, sonrakı mərhələdə isə “Lighthouse” layihəsi ilə geniş urban inkişaf mərhələsinə keçid edilib.
O bildirib ki, 2018-ci ildən etibarən layihədə apart-hotel və yaşayış binaları üçün peşəkar idarəetmə modeli tətbiq olunur. Bu sistem investorlar üçün əmlakın idarə olunması, icarəyə verilməsi və satış proseslərinin vahid mexanizm əsasında həyata keçirilməsinə imkan yaradır.
“Sea Breeze” rəsmisi qeyd edib ki, layihə daxilində süni yarımadalar və iri funksional zonalar yaradılır. Onun sözlərinə görə, “Half Moon” adlı 50 hektarlıq süni yarımadada Marriott, Hilton və digər beynəlxalq hotel brendlərinin fəaliyyəti nəzərdə tutulur.
Layihə çərçivəsində Azərbaycanın ən hündür binası olacaq 323 metr hündürlüyündə “Cipriani Tower”in tikintisi də planlaşdırılır.
Ena-Kameliya Məlikova vurğulayıb ki, layihənin memarlıq və urban həlləri beynəlxalq memarlıq şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Bu istiqamətdə Scott Brownrigg və Shaun Killa kimi tanınmış memarlıq büroları ilə əməkdaşlıq edilir.
Onun sözlərinə görə, layihədə kazino infrastrukturu da nəzərdə tutulur və bu obyekt Avropanın ən böyük, dünyanın isə beşinci ən iri kazino layihələrindən biri olacaq.
Şirkət rəsmisi əlavə edib ki, 200 hektarlıq “Fire Island” adlı yeni süni ada layihəsi də hazırlanır. Bu ərazidə yaşayış, hotel və kommersiya infrastrukturu yaradılacaq və layihə ümumi “şəhər daxilində şəhər” konsepsiyasının tərkib hissəsi olacaq.
Ena-Kameliya Məlikova bildirib ki, landşaft və yaşıllaşdırma işləri layihənin əsas prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ötən il bu istiqamətə 30 milyon dollar investisiya yatırılıb, 2026-cı ildə isə bu rəqəmin 50 milyon dolları ötəcəyi gözlənilir. Hazırda layihə çərçivəsində 11 milyondan çox bitki əkilib.
O qeyd edib ki, layihənin idarə olunmasında rəqəmsal texnologiyalar və 3D simulyasiya sistemlərindən də istifadə olunur. “Sea Breeze” “Unreal Engine” əsasında yaradılmış rəqəmsal model vasitəsilə real vaxt rejimində idarə olunur və vizuallaşdırılır.
Şirkət nümayəndəsi əlavə edib ki, layihənin beynəlxalq genişlənməsi də davam edir. Hazırda Özbəkistanda “Sea Breeze Uzbekistan”, Monteneqroda isə “Sea Breeze Montenegro” layihələri həyata keçirilir.
Qeyd edək ki, WUF13 çərçivəsində urbanizasiya, dayanıqlı şəhər inkişafı, iqlim dayanıqlılığı, rəqəmsal idarəetmə və yaşayış infrastrukturu ilə bağlı mövzular müzakirə olunur. Forum 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir və mayın 22-dək davam edəcək.