
Qeyri-neft sektorundan vergi daxilolmaları 8,2% artıb
2026-cı ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə Azərbaycanın dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub. Bu göstərici proqnozla müqayisədə 130,3 milyon manat artıq icra olunub.
Fins.az Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 6 milyard 187,7 milyon manat təşkil edib. Bu istiqamətdə proqnozdan əlavə 109,7 milyon manat vəsait büdcəyə köçürülüb. Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorundan daxilolmalar 471,5 milyon manat və ya 8,2 faiz artıb.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 2 milyard 806,8 milyon manata çatıb və proqnozu 159,1 milyon manat üstələyib. Büdcədənkənar təşkilatlar üzrə bu göstərici 1 milyard 877,7 milyon manatdan çox olub.
İşsizlikdən sığorta üzrə daxilolmalar 100,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 4,5 milyon manat yüksəkdir. Büdcədənkənar təşkilatlardan daxilolmalar isə 77,7 milyon manatı keçib.
İcbari tibbi sığorta üzrə daxilolmalar da artım nümayiş etdirib. Belə ki, bu sahədə daxilolmalar 426,1 milyon manatı ötüb və proqnoz göstəricisini 11 milyon manatdan çox üstələyib. Büdcədənkənar təşkilatlardan daxilolmalar isə 284,7 milyon manatdan artıq olub.
Ümumilikdə göstəricilər Azərbaycanın vergi və sosial sığorta sistemində daxilolmaların artım dinamikasını və fiskal sabitliyin davam etdiyini nümayiş etdirir.