Qeyri-neft sektoru Azərbaycanın əsas iqtisadi drayveri olaraq qalır - Hüseyn Hüseynov

Qeyri-neft sektoru Azərbaycanın əsas iqtisadi drayveri olaraq qalır - Hüseyn Hüseynov

BİZNES
284

Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsini təşkil edir və iqtisadi artımın əsas drayveri olaraq qalır.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son iki onillikdə Azərbaycanda strateji investisiyalar, müasir infrastruktur və islahatlara əsaslanan biznes mühiti formalaşdırılıb və bu, dayanıqlı iqtisadi artım üçün güclü baza yaradıb.

Hüseyn Hüseynov qeyd edib ki, hazırda əsas vəzifə şaxələndirilmiş və innovasiyaya əsaslanan iqtisadi modelin daha da inkişaf etdirilməsidir. Onun sözlərinə görə, rəqəmsal transformasiya Azərbaycanın iqtisadi gündəliyində mərkəzi yer tutur.

“Rəqəmsal transformasiya Azərbaycanın iqtisadi gündəliyində əsas istiqamətlərdən biridir. Ölkədə rəqəmsal infrastrukturun gücləndirilməsi, texnologiyaların tətbiqinin genişləndirilməsi və innovasiyaların dəstəklənməsi prioritetdir”, – deyə o bildirib.

Nazir müşaviri vurğulayıb ki, texnologiyalar öz-özlüyündə transformasiya yaratmır, bu prosesdə əsas rol insan kapitalına məxsusdur. Buna görə də Azərbaycan insan resurslarının inkişafına xüsusi önəm verir.

O qeyd edib ki, Coursera ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən 4IR Academy proqramı vasitəsilə on minlərlə vətəndaş süni intellekt, data analitikası və kibertəhlükəsizlik kimi sahələr üzrə təhsil imkanlarına çıxış əldə edib.

Hüseyn Hüseynov həmçinin ABŞ-ın Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın getdikcə enerji sektorundan texnologiya və rəqəmsal transformasiya sahələrinə doğru genişləndiyini vurğulayıb.

Onun sözlərinə görə, Microsoft, Oracle, Amazon və Dell Technologies kimi qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq yeni mərhələyə keçib.

Bu əməkdaşlıqlar yüksək məhsuldarlıqlı hesablama, süni intellekt, bulud texnologiyaları və rəqəmsal innovasiyalar sahəsində yeni imkanlar yaradır və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qeyri-neft sektoru Azərbaycanın əsas iqtisadi drayveri olaraq qalır - Hüseyn Hüseynov — Fins.az — Fins.az