Orta Dəhliz üzrə yükdaşımalar 3 il ərzində 20 milyon tona qədər arta bilər - Yulius Skatskauskas

Orta Dəhliz üzrə yükdaşımalar 3 il ərzində 20 milyon tona qədər arta bilər - Yulius Skatskauskas

BİZNES
219

Orta Dəhliz üzrə ötürücülük qabiliyyəti və yükdaşımaların həcmi yaxın üç il ərzində mövcud 5 milyon tondan 20 milyon tona qədər yüksələ bilər.

Fins.az xəbər verir ki, bu barədə Nəqliyyat İnnovasiyaları Assosiasiyasının meneceri, Litvanın Nəqliyyat və Kommunikasiya nazirinin keçmiş müavini Yulius Skatskauskas Bakıda keçirilən 2-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Avropa və Asiya bazarlarını birləşdirən əsas nəqliyyat marşrutlarından birinə çevrilir. O qeyd edib ki, Avropa İttifaqı təxminən 500 milyon əhaliyə və 20 trilyon avro həcmində iqtisadiyyata malik böyük bazar kimi çıxış edir və Orta Dəhliz vasitəsilə nəqliyyat əlaqələrinin genişlənməsi bu bazara çıxış imkanlarını daha da artırır.

Y.Skatskauskas vurğulayıb ki, marşrutun inkişafı üçün onun etibarlılığı, təhlükəsizliyi və dayanıqlılığı təmin edilməlidir. Onun sözlərinə görə, mövcud “dar boğazlar” və infrastrukturun təkmilləşdirilməsi zərurəti hələ də qalmasına baxmayaraq, Orta Dəhlizin inkişafı ümumilikdə düzgün istiqamətdə irəliləyir.

Litva nümayəndəsi xüsusilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin genişləndirilməsini yüksək qiymətləndirib və bu layihələrin daşımaların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını qeyd edib.

Qeyd edək ki, 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu Bakıda keçirilən “TransLogistica Caspian 2026” sərgisi çərçivəsində təşkil olunub və dövlət qurumlarının, beynəlxalq təşkilatların və aparıcı logistika şirkətlərinin nümayəndələrini bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Orta Dəhliz üzrə yükdaşımalar 3 il ərzində 20 milyon tona qədər arta bilər - Yulius Skatskauskas — Fins.az — Fins.az