OPEK Fondu 890 milyon dollarlıq qlobal paket çərçivəsində Azərbaycana investisiya yatırır

OPEK Fondu 890 milyon dollarlıq qlobal paket çərçivəsində Azərbaycana investisiya yatırır

BİZNES
284

OPEK-in Beynəlxalq İnkişaf Fondu infrastrukturun inkişafı və kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi məqsədilə Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb.

Fins.az fondun məlumatına istinadən xəbər verir ki, bu qərar təşkilatın İdarə Heyətinin 195-ci iclasında, Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi və Avropa ölkələrini əhatə edən 890 milyon dollarlıq maliyyə paketi çərçivəsində qəbul edilib.

Dövlət sektoruna yönəlik layihə çərçivəsində Sumqayıtda günə 100 min kubmetr gücündə çirkab sularının təmizlənməsi qurğusu üçün 90,4 milyon dollar kredit ayrılacaq. Layihə ən azı 427 min nəfərin sanitariya şəraitini yaxşılaşdıracaq, Xəzər dənizinin çirklənməsini azaldacaq və təmizlənmiş suyun kənd təsərrüfatında təkrar istifadəsinə imkan yaradacaq.

Özəl sektor üçün isə 20 milyon dollar vəsait ayrılacaq. Bu vəsait fondun milli valyutada sintetik kredit mexanizmi çərçivəsində təqdim olunacaq, sistem əhəmiyyətli maliyyə institutunu dəstəkləyəcək və mikro, kiçik və orta biznesin kreditləşdirilməsini genişləndirəcək.

Ümumilikdə, 890 milyon dollarlıq paket infrastruktur və nəqliyyat əlaqələrinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliklərinə dayanıqlığın artırılması və iqlim layihələrinə investisiyaların genişləndirilməsi istiqamətində həyata keçiriləcək. Mikro, kiçik və orta biznesin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması paketdə xüsusi yer tutur.

Qeyd edək ki, OPEK-in Beynəlxalq İnkişaf Fondu yalnız üzv olmayan ölkələr üçün maliyyəni təmin edən yeganə qlobal institutdur. Fond indiyədək 125-dən çox ölkədə layihələrə 32 milyard dollardan çox vəsait ayırıb, həyata keçirilən layihələrin ümumi dəyəri isə 240 milyard dolları ötüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OPEK Fondu 890 milyon dollarlıq qlobal paket çərçivəsində Azərbaycana investisiya yatırır — Fins.az — Fins.az