
Mikayıl Cabbarov: 2025-ci ildə vergi daxilolmaları 16,4 milyard manatla rekord səviyyəyə çatıb
Fins.az - Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov 2025-ci ilin vergi nəticələrini təqdim edib.
Nazir bildirib ki, 2025-ci ildə vergi daxilolmaları 16,4 milyard manat təşkil edərək son illərin ən yüksək göstəricisi olub. 2018-ci illə müqayisədə ümumi vergi daxilolmaları 2,2 dəfə, qeyri-neft-qaz sektoru üzrə isə 2,4 dəfə artıb.
Vergi daxilolmalarının ÜDM-də payı 12,7% olub, qeyri-neft-qaz sektoru üzrə bu göstərici 13%-ə çataraq 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də payı isə 9,9% təşkil edib, bu da 2018-ci illə müqayisədə 2,2 faiz bəndi artım deməkdir.
Mikayıl Cabbarov qeyd edib ki, qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı da əhəmiyyətli artım göstərib. 2019-cu ilin əvvəlinə nisbətən sektorun özəl bölməsi üzrə əmək müqavilələrinin payı 38,5%-dən 54,4%-ə yüksəlib və müqavilələrin ümumi sayı 1 milyonu ötərək dövlət sektorunun göstəricisini üstələyib.
Nazir əlavə edib ki, bu göstəricilər Azərbaycanın fiskal siyasətinin effektivliyini və qeyri-neft-qaz sektorunun iqtisadi artımdakı rolunu əks etdirir.
Fuad Mədətov
Fins.az