İİTKM-də “Türk dünyası startap ekosistemi” təşəbbüsü müzakirə olunub

İİTKM-də “Türk dünyası startap ekosistemi” təşəbbüsü müzakirə olunub

BİZNES
283

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin Maliyyə Departamentinin rəhbəri Dr. Tarık Akın, "Invest in Türkiye"-nin şöbə müdiri Abdurrahman Arslan və qurumun nümayəndələri Dilruba Nur Dilmaç Fakıya və Mehmet Zahid Soytürk ilə görüş keçirilib.

Görüşdə İİTKM-nin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri İlyas Hüseynov və “Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə iştirak ediblər.

Görüşün əsas məqsədi Türk Dövlətləri arasında innovasiya, texnologiya sahibkarlığı və investisiya əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək “Türk dünyası startap ekosistemi” təşəbbüsü ətrafında fikir mübadiləsi aparmaq olub.

Müzakirələr zamanı İsa Qasımov “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramı, əldə olunan nəticələr, formalaşdırılmış beynəlxalq tərəfdaşlıq şəbəkəsi və qlobal işgüzar əlaqələr barədə ətraflı məlumat verib. Daha sonra qonaqlara həmin təcrübə əsasında hazırlanmış “Türk dünyası startap ekosistemi” təşəbbüsü təqdim olunub.

Bildirilib ki, təşəbbüsün məqsədi Türk dövlətlərinin innovasiya ekosistemləri, startapları, investorları, texnologiya parkları, universitetləri və digər aidiyyəti qurumları arasında davamlı əməkdaşlıq platformasının formalaşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və regional innovasiya əməkdaşlığının gücləndirilməsidir.

Türkiyə tərəfi təqdim olunan təklifləri maraqla qarşılayaraq, təşəbbüsün bir sıra istiqamətlərinin ölkələrinin innovasiya və sahibkarlıq sahəsindəki prioritetləri ilə uyğunluq təşkil etdiyini qeyd edib.

Müzakirələrin yekununda birlikdə təşəbbüs üzrə birgə ilkin konsepsiya sənədinin hazırlanmasının məqsədəuyğun olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, konsepsiya sənədi formalaşdırıldıqdan sonra təşəbbüsün Türk Dövlətləri Təşkilatının aidiyyəti strukturları ilə müzakirəyə çıxarılaraq yekun sənədin formalaşmasına nail olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İİTKM-də “Türk dünyası startap ekosistemi” təşəbbüsü müzakirə olunub — Fins.az — Fins.az