Gədəbəy və Dəmirli yataqlarında mis hasilatı artır

Gədəbəy və Dəmirli yataqlarında mis hasilatı artır

BİZNES
175

Fins.az – "Anglo Asian Mining" PLC 2026-cı ilin ilk yarısında Azərbaycanda mis istehsalını əhəmiyyətli dərəcədə artırıb.

Şirkətin hesabatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında mis istehsalı 8 840 ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 1 188 tonla müqayisədə xeyli yüksəkdir.

Şirkət bildirib ki, 2026-cı il ərzində mis istehsalının həcmi rübdən-rübə artmaqda davam edir. Belə ki, II rübdə istehsal I rübdəki 3 711 tonla müqayisədə 5 129 tona yüksəlib.

Hesabat dövründə Gədəbəy yatağında 1 879 ton, Dəmirli yatağında isə 3 250 ton mis hasil olunub.

"Anglo Asian Mining" qeyd edib ki, Dəmirli yatağının layihə gücünə çatdırılması istiqamətində işlər davam etdirilir və tam istehsal həcminə 2026-cı ilin III rübündə nail olunacağı gözlənilir.

Şirkət daha əvvəl açıqlayıb ki, 2026-2027-ci illərdə ümumi həcmi 90 min metr olan karot qazma proqramını həyata keçirməyi planlaşdırır. Proqrama təxminən 55 min metr kəşfiyyat qazması və texniki-iqtisadi əsaslandırmaların hazırlanması çərçivəsində təxminən 35 min metr qazma işləri daxildir.

Şirkətin məlumatına görə, kəşfiyyat işləri əsasən Xarxar və Qaradağ sahələrində ehtiyatların genişləndirilməsinə, həmin ərazilərə bitişik sahələrdə aparılacaq işlərə, Gədəbəy müqavilə sahəsində növbəti qazmalara, eləcə də Dəmirli və Cənubi Dəmirli sahələrinin genişləndirilməsinə yönəldiləcək.

"Anglo Asian Mining"in biznesin inkişafı üzrə baş direktoru Əmirreza Vəziri Trend-ə müsahibəsində bildirib ki, şirkət Xarxar və Qaradağ layihələrinin kapital tutumunun dünyada ən aşağı göstəricilərdən biri olacağını gözləyir.

Onun sözlərinə görə, mis katodunun istehsalı konsentratdan fərqli olaraq məhsulun dünyanın müxtəlif bazarlarında birbaşa satışına imkan yaradır. Bu isə istehsalın konsentratın metala çevrilməsi üçün misəritmə müəssisələrinin artıq istehsal gücündən asılı olmamasını təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gədəbəy və Dəmirli yataqlarında mis hasilatı artır — Fins.az — Fins.az