“Enterprise Azerbaijan” Böyük Britaniyada İnvestisiyaların Təşviqi üzrə Ən Yaxşı Təşkilat Seçildi

“Enterprise Azerbaijan” Böyük Britaniyada İnvestisiyaların Təşviqi üzrə Ən Yaxşı Təşkilat Seçildi

BİZNES
276

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Enterprise Azerbaijan portalı Böyük Britaniyanın nüfuzlu beynəlxalq media təşkilatı Acquisition International tərəfindən keçirilən “Non-Profit Organisation Awards 2026” beynəlxalq müsabiqəsində “Best Entrepreneurship & Investment Facilitation Organisation 2026 – Azerbaijan” (“Azərbaycanda sahibkarlığın və investisiyaların təşviqi üzrə 2026-cı ilin ən yaxşı təşkilatı”) mükafatına layiq görülüb.

Qiymətləndirmə zamanı portalın sahibkarları, startapları və investorları vahid rəqəmsal platformada birləşdirən müasir ekosistem yaratması, investisiya layihələrinin yerli və xarici investorlar üçün əlçatanlığını təmin edən rəqəmsal mexanizmlər tətbiq etməsi, layihələri Azərbaycan, ingilis və rus dillərində təqdim etməsi, çoxmeyarlı axtarış imkanları formalaşdırması, “Niyə məhz Azərbaycan?” bölməsiGeo-İqtisadi Xəritə vasitəsilə ölkənin investisiya potensialını interaktiv şəkildə tanıtması xüsusi qeyd olunub.

Bununla yanaşı, portalın sahibkar və startaplara biznes-planların hazırlanması, bazar araşdırmaları, mentorluq, inkubasiya və akselerasiya proqramları, marketinq məsləhətləri və beynəlxalq platformalara inteqrasiya xidmətləri göstərməsi, həmçinin Amazon, Etsy, eBay, Indiegogo, GoFundMe, Patreon, Crowdfunder, GoGetFunding, Udemy və digər qlobal elektron ticarət və kraudfandinq platformaları ilə inteqrasiya imkanları yaratması da mükafatın verilməsində əsas amillərdən biri olub.

“Enterprise Azerbaijan” portalının əldə etdiyi bu uğur Azərbaycanda sahibkarlığın inkişafı, investisiya mühitinin təkmilləşdirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisidir.

Portal Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq yaradılıb və ölkədə sahibkarlığın inkişafına, innovativ layihələrin maliyyələşdirilməsinə, investorlarla layihələr arasında səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edən aparıcı rəqəmsal platforma kimi fəaliyyət göstərir.

Müsabiqə çərçivəsində investisiyaların təşviqi, sahibkarlığın inkişafı, innovasiya və biznesin dəstəklənməsi sahəsində fəaliyyət göstərən müxtəlif ölkələrin aparıcı qurumları və beynəlxalq təşkilatları qiymətləndirilib. Enterprise Azerbaijan portalının bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın investisiya imkanlarının beynəlxalq müstəvidə tanıdılması, innovativ biznes ideyalarının maliyyələşdirilməsi, yerli və xarici investorlar arasında əməkdaşlığın genişləndirilməsi və ölkənin rəqəmsal investisiya ekosisteminin inkişafı istiqamətində formalaşdırdığı uğurlu modelin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini nümayiş etdirib.

 

Mənbə: https://www.acquisition-international.com/winners/center-for-analysis-of-economic-reforms-and-communication-2/

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Enterprise Azerbaijan” Böyük Britaniyada İnvestisiyaların Təşviqi üzrə Ən Yaxşı Təşkilat Seçildi — Fins.az — Fins.az