Enerji layihələrində kibertəhlükəsizlik dizayn mərhələsindən nəzərə alınmalıdır - ABB Energy Industries

Enerji layihələrində kibertəhlükəsizlik dizayn mərhələsindən nəzərə alınmalıdır - ABB Energy Industries

BİZNES
86

Enerji sənayesində avtonom əməliyyatlara keçidin sürətləndirilməsi üçün layihələrin ilkin mərhələlərindən etibarən rəqəmsallaşdırma, kibertəhlükəsizlik və məlumatların idarə edilməsi prioritet istiqamət kimi nəzərə alınmalıdır.

Fins.az xəbər verir ki, bu barədə ABB Energy Industries şirkətinin Enerji Keçidi üzrə vitse-prezidenti Kristofer Viqq Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel iclasında bildirib.

Onun sözlərinə görə, neft, qaz və ümumilikdə enerji sənayesində rəqəmsal həllərin inkişafı analitika, avtomatlaşdırma və süni intellekt texnologiyalarının tətbiqinə əsas yaradan məlumatların effektiv istifadəsi ilə birbaşa bağlıdır.

Kristofer Viqq qeyd edib ki, məlumatlara əsaslanan rəqəmsal inkişaf enerji sektorunu tədricən avtonom əməliyyatlara doğru aparır.

O vurğulayıb ki, məlumatların real dəyəri yalnız onların tam şəkildə toplanması, inteqrasiyası və düzgün idarə olunması ilə ortaya çıxır. Bu isə aktivlərin idarə edilməsində səmərəliliyi əhəmiyyətli dərəcədə artırır.

Şirkət rəsmisi kibertəhlükəsizliyin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, bu sahə layihələrin dizayn mərhələsindən etibarən fiziki, rəqəmsal və şəxsi təhlükəsizlik aspektlərini əhatə etməlidir.

Onun sözlərinə görə, təhlükəsizlik tələbləri yalnız əməliyyat mərhələsində deyil, layihə planlaşdırılmasının başlanğıcından nəzərə alınmalıdır.

Kristofer Viqq həmçinin rəqəmsal platformaların, İT sistemlərinin və kommunikasiya şəbəkələrinin inteqrasiyasının vacibliyini vurğulayıb. Bu inteqrasiya sabit infrastruktur fəaliyyəti və effektiv idarəetmə üçün əsas şərt kimi qiymətləndirilib.

Onun sözlərinə görə, məlumatların və rəqəmsal sistemlərin birləşdirilməsi istismara verildikdən sonra obyektlərin səmərəliliyini artırır və enerji sektorunda daha avtonom və idarəolunan əməliyyatlara keçidi sürətləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Enerji layihələrində kibertəhlükəsizlik dizayn mərhələsindən nəzərə alınmalıdır - ABB Energy Industries — Fins.az — Fins.az