
Dünya Bankı: Paylanmış enerji mənbələri şəbəkələrin modernləşdirilməsini tələb edir
Paylanmış bərpa olunan enerji mənbələrinin enerji sistemlərinə inteqrasiyası paylayıcı şəbəkələrin etibarlılığının və çevikliyinin artırılmasını, eləcə də infrastrukturun və idarəetmə sistemlərinin modernləşdirilməsini zəruri edir.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının energetika üzrə müşaviri Teona Elizaraşvili Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, paylanmış enerji resursları istehlakçılara yaxın yerləşdirilən kiçik və orta həcmli generasiya qurğularını əhatə edir. O qeyd edib ki, ənənəvi enerji sistemlərindən fərqli olaraq, bu qurğular birbaşa istehlak mərkəzlərinə yaxın yerləşir.
T.Elizaraşvili vurğulayıb ki, bu yanaşmanın genişlənməsi enerji sistemlərinin arxitekturasını dəyişdirir. Onun sözlərinə görə, əvvəlki modeldə enerji böyük stansiyalardan bir istiqamətdə – istehlakçılara doğru ötürülürdü, lakin hazırda axın ikitərəfli xarakter alıb.
Dünya Bankı rəsmisi əlavə edib ki, bu dəyişiklik paylayıcı şəbəkələr üzərində əlavə yük yaradır. Onun sözlərinə görə, mövcud xətlər və transformatorlar daha yüksək təzyiq altında işləyir.
T.Elizaraşvili qeyd edib ki, əlavə çağırışlar günəş enerjisinin dəyişkənliyi, elektrik enerjisinin geri axınları, enerji keyfiyyəti və şəbəkələrin müşahidəolunma səviyyəsinin artırılması ilə bağlıdır. Bu faktorlar enerji sistemlərinin daha çevik və rəqəmsal idarəetmə mexanizmlərinə ehtiyacını artırır.