
Cənubi Qafqaz Qaz Boru Kəmərində xərclər və ötürücülük artıb
2026-cı ilin birinci rübündə Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBKG) sistemi üzrə əməliyyat xərcləri təxminən 21 milyon dollar təşkil edib və bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,7% artım nümayiş etdirib.
Fins.az-ın bp-yə istinadən verdiyi xəbər verir ki, ötən ilin eyni dövründə əməliyyat xərcləri 18 milyon dollar təşkil edib.
Eyni zamanda CQBKG sistemi üzrə əsaslı xərclərdə də artım qeydə alınıb. Belə ki, əsaslı xərclər ötən ilin 6 milyon dollar səviyyəsindən 9 milyon dollara yüksəlib və bu da təxminən 1,5 dəfə artım deməkdir.
Məlumatda bildirilir ki, Cənubi Qafqaz Qaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə nəqlinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Hesabat dövründə boru kəməri ilə gündəlik orta ötürücülük gücü 63,5 milyon kubmetr olub ki, bu da 2025-ci ilin birinci rübündə qeydə alınan 60,8 milyon kubmetr göstəricisi ilə müqayisədə artım deməkdir.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları isə bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,00%) şirkətləridir.