
BVF: Bu il enerji qiymətləri kəskin artacaq
Enerji daşıyıcılarının qlobal bazarda qiymətlərinin 2026-cı ildə ciddi şəkildə yüksələcəyi proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunur ki, bu artımı əsasən hasilat və nəql proseslərində yaranan pozuntularla əlaqələndirir.
Fondun qiymətləndirməsinə görə, enerji xammalı üzrə qiymətlər 2026-cı ildə 19 faiz artacaq. Bu dinamika BVF-nin 2025-ci ilin oktyabr ayında açıqladığı azalma gözləntiləri ilə ziddiyyət təşkil edir. Proqnozlara əsasən, neft qiymətləri 21,4 faiz yüksələcək və spot qiymətlərin orta indeksi təxminən bir barel üçün 82 dollar səviyyəsində formalaşacaq. Bu artımın əsas səbəblərindən biri kimi Yaxın Şərqdə tədarük zəncirində yaranan fasilələr göstərilir.
BVF-nin hesablamalarına əsasən, təbii qaz bazarında qiymət artımı daha sürətli olacaq. Bu isə hasilatın bərpasında çətinliklər və ehtiyatların neftlə müqayisədə məhdud olması ilə izah edilir.
Fondun təqdim etdiyi əlverişsiz ssenariyə görə, neft qiymətləri 2026-cı ilin ikinci rübündən başlayaraq yanvar ayı ilə müqayisədə 80 faiz arta bilər. Daha sonra isə 2027-ci ildə qiymətlərin baza səviyyəsindən təxminən 20 faiz yuxarıda stabilləşəcəyi gözlənilir. Bu halda 2026-cı ildə orta qiymətin 100 dollar, 2027-ci ildə isə 75 dollar ətrafında olacağı ehtimal edilir. Həmin ssenariyə əsasən, Avropa və Asiya bazarlarında qaz qiymətləri növbəti ildə qismən azalma baş verməzdən əvvəl 160 faizə qədər yüksələ bilər.
Daha sərt ssenaridə isə neft qiymətlərinin 2026-cı ilin ikinci rübündən etibarən iki dəfə artacağı və 2027-ci ildə də yüksək səviyyədə qalacağı ehtimal olunur. Bu halda 2026-cı ildə orta qiymətin 110 dollar, 2027-ci ildə isə 125 dollar təşkil edəcəyi gözlənilir. Eyni ssenari çərçivəsində Avropa və Asiyada qaz qiymətlərinin 200 faizə qədər artması mümkündür.