BTC ilə 20 ildə 559 milyon tona yaxın Azərbaycan nefti və kondensatı ixrac edilib

BTC ilə 20 ildə 559 milyon tona yaxın Azərbaycan nefti və kondensatı ixrac edilib

BİZNES
298

Fins.az – Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri istismara verildiyi vaxtdan indiyədək bu marşrutla Azərbaycandan təxminən 559 milyon ton neft və kondensat ixrac edilib.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, boru kəməri vasitəsilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan neft və "Şahdəniz" yatağından çıxarılan kondensat nəql olunur.

Xatırladaq ki, 2026-cı il iyulun 1-dən etibarən BTC ixrac neft kəmərinin operatoru funksiyası BP Exploration (Caspian Sea) Limited (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" MMC-yə (SMO) keçib.

Operator funksiyalarının ötürülməsi BTC kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən bütün hissələrini əhatə edir. Bununla yanaşı, bp-nin BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə həyata keçirdiyi ümumi əməliyyat operatoru funksiyaları da SMO tərəfindən icra olunacaq.

Qeyd edək ki, 1 768 kilometr uzunluğa malik olan BTC neft kəməri Xəzər regionunda hasil edilən xam neftin Aralıq dənizi sahillərində yerləşən Ceyhan terminalına təhlükəsiz nəqlini təmin edir.

Layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji əməkdaşlığının möhkəmlənməsinə, tranzit ölkələrin gəlirlərinin artmasına və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir.

Energetika Nazirliyinin məlumatına əsasən, layihənin istismara verilməsindən bəri boru kəmərinin marşrutu boyunca yerləşən 550-dən çox yaşayış məntəqəsində, 750 mindən artıq insanı əhatə edən minlərlə sosial layihə həyata keçirilib.

BTC-nin gündəlik ötürücülük gücü 1 milyon barel təşkil edir. Kəmər boyunca 8 nasos stansiyası və 98 bağlayıcı stansiya fəaliyyət göstərir. Marşrut 3 mindən çox avtomobil yolu, dəmir yolu və rabitə xətlərini, həmçinin 1 500-dən çox su hövzəsini, o cümlədən Ceyhan çayını kəsib keçir.

2002-ci ilin iyulunda tikintisinə başlanan və 2006-cı ilin mayında tamamlanan BTC layihəsinin inşası təxminən 4 il davam edib. Tikintinin ən intensiv mərhələsində layihədə 22 min nəfər çalışıb ki, onların da təxminən 80 faizi yerli mütəxəssislər olub.

BTC vasitəsilə ixrac olunan ilk neft partiyası isə 2006-cı il iyunun 4-də Ceyhan terminalında "British Hawthorn" tankerinə yüklənib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BTC ilə 20 ildə 559 milyon tona yaxın Azərbaycan nefti və kondensatı ixrac edilib — Fins.az — Fins.az