bp: “Shah Deniz Compression” layihəsinin 30%-i tamamlanıb, istismar 2029-a planlaşdırılır

bp: “Shah Deniz Compression” layihəsinin 30%-i tamamlanıb, istismar 2029-a planlaşdırılır

BİZNES
351

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında “Shah Deniz Compression” layihəsinin icra vəziyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, layihə üzrə işlərin təxminən 30 faizi artıq tamamlanıb və yeni kompressor qurğusunun 2029-cu ildə istismara verilməsi planlaşdırılır. Kristofoli bildirib ki, bu layihə “Şahdəniz” yatağının gələcək inkişafı üçün mühüm mərhələdir və yatağa “yeni həyat verəcək”.

O əlavə edib ki, bp artıq SOCAR ilə əməkdaşlıq çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında sərbəst qaz hasilatı layihəsi üzrə ilk quyunu istismara verib.

Şirkət nümayəndəsinin sözlərinə görə, yaxın dövrdə daha bir quyunun da istifadəyə verilməsi planlaşdırılır. Daha sonra əldə olunacaq məlumatların təhlili aparılacaq və bu nəticələr AÇG yatağının altında yerləşən qaz ehtiyatlarının işlənilməsi üçün milyardlarla dollar həcmində yeni investisiyalara yol aça bilər.

Kristofoli həmçinin vurğulayıb ki, AÇG yatağında hasilatın artırılması və neftvermə əmsalının yüksəldilməsi məqsədilə bp yeni texnologiyaların tətbiqini davam etdirir. Onun sözlərinə görə, indiyədək AÇG-dən ümumilikdə 4,6 milyard barrel neft hasil edilib və yatağın potensialı hələ tam tükənməyib.

AÇG yatağında operator bp olmaqla yanaşı, layihədə SOCAR və digər beynəlxalq tərəfdaşlar da iştirak edir. Layihədə iştirak payları arasında bp 30,37%, SOCAR 35,30%, MOL 9,57%, INPEX 9,31%, ExxonMobil 6,79%, TPAO 5,73% və ONGC Videsh 2,92% paya malikdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
bp: “Shah Deniz Compression” layihəsinin 30%-i tamamlanıb, istismar 2029-a planlaşdırılır — Fins.az — Fins.az