bp Özbəkistanda SOCAR operatorluğunda həyata keçirilən Şimali Üstyurd layihəsinə qoşuldu

bp Özbəkistanda SOCAR operatorluğunda həyata keçirilən Şimali Üstyurd layihəsinə qoşuldu

BİZNES
340

bp Özbəkistan Respublikasının “Şimali Üstyurd” regionunda yerləşən altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulduğunu açıqlayıb.

Fins.az bp-yə istinadən xəbər verir ki, saziş “Boyterak”, “Terengquduq”, “Birqori”, “Xaroy”, “Qoraqalpoq” və “Qulboy” bloklarını əhatə edir.

Məlumata görə, sənədlər Daşkənddə keçirilən Özbəkistan Neft-Qaz Konfransı 2026 çərçivəsində imzalanıb. Sazişi Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov, Uzbekneftegaz SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Cristofoli imzalayıblar.

Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov bildirib ki, layihənin həyata keçirilməsi ölkə rəhbərliyinin siyasi iradəsi və beynəlxalq investorlar üçün yaradılmış açıq və şəffaf mühit hesabına mümkün olub. Onun sözlərinə görə, bp-nin layihəyə qoşulması beynəlxalq investorların Özbəkistanda aparılan islahatlara və enerji sektorunun inkişaf strategiyasına inamını nümayiş etdirir.

SOCAR prezidenti Rövşən Nəcəf qeyd edib ki, layihə Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının genişlənməsinə mühüm töhfə verəcək. O vurğulayıb ki, bp-nin layihəyə daxil olması SOCAR, bp və “Uzbekneftegaz” arasında uzunmüddətli tərəfdaşlığın yeni mərhələsini formalaşdıracaq.

bp-nin regional prezidenti Cio Kristofoli isə şirkətin “Uzbekneftegaz” və SOCAR ilə birlikdə Özbəkistandakı ilk layihəsinə qoşulmasından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bp Özbəkistanın böyük resurs potensialına malik olduğuna inanır və layihəni region üçün uzunmüddətli fayda yaradacaq strateji təşəbbüs hesab edir.

“Uzbekneftegaz” rəhbəri Abduqani Sanginov da bp kimi qlobal enerji şirkətinin layihəyə qoşulmasının Özbəkistan enerji sektorunun investisiya cəlbediciliyini artırdığını bildirib.

Qeyd edək ki, bp layihəyə SOCAR və “Uzbekneftegaz” SC-nin hər birindən 20 % iştirak payı alaraq ümumilikdə 40 % payla daxil olub. Yeni bölgüyə əsasən, layihədə bp-nin payı 40 %, “Uzbekneftegaz” SC-nin payı 30 %, operator qismində SOCAR-ın payı isə 30 % təşkil edir.

Xatırladaq ki, HPBS ilkin olaraq 24 iyul 2025-ci il tarixində SOCAR, “Uzbekneftegaz” SC və Özbəkistan Energetika Nazirliyi arasında imzalanıb. Hazırda layihə SOCAR-ın operatorluğu ilə seysmik tədqiqat mərhələsində icra olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
bp Özbəkistanda SOCAR operatorluğunda həyata keçirilən Şimali Üstyurd layihəsinə qoşuldu — Fins.az — Fins.az