
BP: Azəri-Çıraq-Günəşli təkcə neft deyil, qaz baxımından da zəngindir
Fins.az - BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, “Günəşli” yatağında 4–6 trilyon kub fut həcmində qaz ehtiyatlarının olduğu ehtimal edilir.
Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı dünyanın ən iri neft yataqlarından biri olaraq qalır və istismara verildiyi gündən bu yana 4 milyard bareldən çox neft hasil edilib. Layihə həmçinin texnoloji yeniliklərin tətbiqi baxımından mühüm uğur nümunəsi hesab olunur.
Q. Birrel qeyd edib ki, hazırda yataqda neft laylarının həm üstündə, həm də altında əlavə qaz ehtiyatlarının aşkarlanması yeni inkişaf imkanları açır. Bu istiqamətdə SOCAR və Azərbaycan hökuməti ilə müvafiq razılaşmalar əldə olunub.
Onun sözlərinə görə, qaz ehtiyatları həm “Günəşli”, həm də “Azəri” bloklarında mövcuddur, lakin “Azəri” hissəsi üzrə qiymətləndirmələr hələ ilkin mərhələdədir və tam dəqiqləşdirilməyib.
BP rəsmisi bildirib ki, ilkin hasilat quyularının əsas məqsədi yeraltı məlumatların toplanması və ehtiyatlarla bağlı qeyri-müəyyənliklərin azaldılmasıdır.
Yeni qaz potensialının AÇG yatağının gələcək inkişaf strategiyasında mühüm rol oynayacağı vurğulanır. Bu, həm hasilatın şaxələndirilməsi, həm də uzunmüddətli enerji təhlükəsizliyi baxımından əhəmiyyətli hesab olunur.